Nazim Süleymanov: “Ulduz” ölkə futbolunun inkişafına böyük təkandır”

Xəbərlər
23 Oktyabr 2023 14:55
190
Nazim Süleymanov: “Ulduz” ölkə futbolunun inkişafına böyük təkandır”

“Nə qədər bizdə çox akademiyalar olsa, futbolda inkişaf o qədər böyük olacaq. Bu ölkə futbolunun inkişafına böyük təkandır”.

İdman.biz xəbər verir ki, bunu “Ulduz” Futbol Akademiyasının təsisçisi Nazim Süleymanov yeni yaradılan klub haqqında danışarkən deyib.

O, uşaq akademiyalarının yaradılmasının bilavasitə futbolumuzun inkişafına təkan verəcəyindən əmindir: “Akademiyalar bizdə azdır. Dövlət planı olanda da bölgələrdə akademiyalar yaratmalıydıq. Təəssüf ki, olmadı. Düzdür, “Qəbələ”nin akademiyası var, əvvəl “Bakı”nın var idi. Amma dağıldı. Gənclər və İdman Nazirliyinə bizə dəstək olduqlarına görə təşəkkür edirəm. İnanıram ki, bu akademiyadan gələcəkdə adına uyğun olaraq parlayan ulduzlar çıxacaq. Məqsədimiz uşaqları yetişdirməkdir. Çalışacağıq ki, uşaqlarımızın öncə yaxşı təhsili olsun. Zamanla bəzi proyektləri də həyata keçirəcəyik”.

Süleymanov millimizin AVRO-2024-ün seçmə mərhələsində son çıxışlarını da dəyərləndirib: “Yığma hamımızındır. Bu, Canni de Biyazinin komandası deyil. Nəticələri qənaətbəxş hesab etmirəm. İnşallah, zamanla düzəlməlidir. Bir evin təməli möhkəm olarsa, o, möhkəm dayanacaq. Uşaq futboluna böyük diqqət və qayğı lazımdır. Bu olduqdan sonra inkişaf gedəcək”.

Yığmanın sabiq futbolçusu “Qarabağ”ın Avropa Liqasında “Bayer”ə qarşı keçirəcəyi oyun haqqında da danışıb: “Qarabağ” bizim üçün həmişə qalib komandadır. Məğlub olsa da, qalib sayılır. Hər zaman onları dəstəkləməyə hazırıq”.

Qeyd edək ki, Nazim Süleymanov “Ulduz” Futbol Akademiyasının təsisçisi olmaqla yanaşı, I Liqada çıxış edən “İrəvan” klubunun da baş məşqçisidir.

Emin Ağa

İdman.biz