Orxan Əliyev: “Bizə baxıb gülür, futbolçusuz necə oynayacaqlar deyirdilər” - MÜSAHİBƏ

Müsahibə
18 Sentyabr 2023 15:40
179
Orxan Əliyev: “Bizə baxıb gülür, futbolçusuz necə oynayacaqlar deyirdilər” - MÜSAHİBƏ

“Araz-Naxçıvan” klubunun hücumçusu Orxan Əliyevin İdman.biz-ə müsahibəsi

- Ötən mövsüm I Divizionda bombardir oldun. Premyer Liqa ilə I Divizionu necə müqayisə edərdin?

- Təbii ki, fərq böyükdür. Əsas da yanaşma tərzidir. Legionerlərin və təcrübəli futbolçuların sayı çoxdur. Bu səbəbdən də I Divizion ilə Premyer liqanı müqayisə etmək düzgün olmaz.

- Premyer Liqanın ilk 4 turunda fərqlənə bilməməyinizin səbəbi nə idi?

- Mən hər oyunda qol vurmağa çalışıram. Təəssüf ki, 4 turda bunu bacarmadım. Epizodlarım da çox oldu. Onların üzərində çox işlədim və bəhrəsini də gördüm.

- Sənin üçün “Kəpəz” ilə oyunda dubl, yoxsa “Neftçi” ilə matçdakı qol daha dəyərli oldu?

- Hər vurduğum qol dəyərlidir və hər ikisi komandaya qələbə gətirdi. Odur ki, seçim edə bilmərəm.

- Bu günə qədər bir neçə Premyer Liqa klubunda oynasan da, möhkəmlənə bilməmisən. Bunun səbəbini nədə görürsən?

- Səbəblər çoxdur. Keçmişə qayıtmaq istəmirəm. Ancaq bu gün daha güclü olmaq üçün nələri etmək barədə düşünürəm.

- Mövsümün əvvəlində bu qədər uğurlu çıxış edəcəyiniz barədə düşünürdüz?

- Mövsümün hazırlıqlarına 13-14 nəfərlə start vermişik. Hərdən bizə baxıb gülür, bunlar futbolçusuz necə oynayacaqlar deyirdilər. İndi oyunumuz göz önündədir. Yaxşı bir kollektivimiz var. Rəhbərlik bizim üçün hər şeyi edir.

- Bu mövsüm neçə qol vura biləcəyini düşünürsən?

- Neçə qol vuracağımı deyə bilmərəm. Hər oyuna köklənib çıxıram, nə edəcəyimi bilirəm. Məncə elə əsas olan da budur. Ondan sonra qollar da gələcək. Məqsədlərim də var. Onu deməyəcəm. Siz izlədikcə görəcəksiz. (gülür).

Emin Ağa

İdman.biz