Şahin Diniyev: “7 tur qalıb, şansımız var”

Xəbərlər
6 Aprel 2024 22:58
166
Şahin Diniyev: “7 tur qalıb, şansımız var”

"Qarabağ" Premyer Liqa klublarından yuxarıdadır. İlk dəqiqələrdən "Qarabağ"a problemlər yaratmaq istədik. Qol da vurduq”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ”a uduzan komandanın çalışdırıcısı rəqib haqqında xoş sözlər söyləyib: “Sadəcə, futbolçularım "Qarabağ"dan çəkindilər. Topa nəzarət edə bilmirdik. İkinci hissədə riskə getdik. "Qarabağ" səviyyəli komandadır, heyəti genişdir. Bu gün onlara 2 qol vurmaq da böyük işdir. Düzdür, bizə heç nə vermir. Amma komandada özünəinam yaradır. 7 tur qalıb, şansımız var. Bunun üçün də mübarizə aparacağıq. Daha yuxarı yerlərə layiq komandayıq. Hər xal vacibdir. Aqressivliyimiz var idi. Sadəcə "Qarabağ" güclüdür. 1-2 futbolçunu bağlamaqla "Qarabağ"ı bağlamaq olmur. Hər komanda meydana xal üçün çıxır. "Qarabağ"la da oynamaq olar”.

Şahin Diniyev oyunun qırılma nöqtəsi barədə danışıb: “Penalti epizosunda heç kontakt yox idi. Oyunçu sürüşə-sürüşə rəqibin ayağına dəydi. Bəli, qırılma nöqtəsi idi. Qoldan sonra sistemi dəyişdik, dördlü müdafiəyə keçdik. Qol vəziyyətlərimiz oldu. 2-ci qolu vursaydıq, hesabı qorumağa gücümüz çatacaqdı”.

Qeyd edək ki, “Səbail” “Qarabağ”a 2:4 hesabı ilə uduzub.

İdman.biz