“Zirə” futbol komandasının baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının səkkizinci turunda “Kəpəz”lə 1:1 hesablı heç-heçəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında hər iki komandanın qələbə qazana biləcəyini bildirib.
“Olduqca maraqlı, sürətli və aqressiv oyun alındı. İlk hissədə meydanda daha çox taktiki mübarizə gedirdi. İkinci hissədə isə hər iki komandanın ifasında maraqlı futbol izlədik. Hər iki tərəf qələbə qazana bilərdi. Düşünürəm ki, bu gün hər iki komanda bir xal qazandı. Qələbəyə layiq futbol oynadıq, amma bəzi epizodlardan yararlana bilmədik”, - deyə Sadıqov bildirib.
Baş məşqçi rəqib qapıçısının uğurlu müdaxilələrini görüşün dönüş nöqtələri kimi qiymətləndirib:
“Hesab 0:0 olarkən rəqib qapıçısı möhtəşəm seyvlə yadda qaldı. Son dəqiqələrdə də buna bənzər epizod yaşandı. Həmin fürsətlərdən istifadə etsəydik, qələbə qazana bilərdik. Buraxılan qoldan sonra komandamızın reaksiyası məni çox məmnun etdi”.
Sadıqov heyətdəki zədələrin ciddi problem yaratdığını vurğulayıb:
“Ciddi zədə problemlərimiz var. Bəzi futbolçular meydana çıxsalar da, onlardan istədiyimiz kimi istifadə edə bilmirik. Məsələn, Eren maksimum 55-60 dəqiqə oynaya bilir. İssa isə cəmi beş dəqiqə oynamağa hazır idi. Zədədən qayıdan futbolçularımız hələ tam hazır deyillər. Artıq bir neçə oyundur bu çətinliklərlə mübarizə aparırıq”.
Mütəxəssis komandanın ardıcıl beş turdur qələbə qazana bilməməsinə də münasibət bildirib:
“Bu istiqamətdə çox çalışırıq. Məşqlərimizi də bunun üzərində qururuq. Son iki turda futbolçularda müəyyən həyəcan hiss olunur. Hamı anlayır ki, mütləq qələbə qazanmalıyıq. Bu təzyiq yüzfaizlik qol imkanlarından istifadə zamanı özünü göstərir. Maraqlıdır ki, hər il buna bənzər vəziyyətlə qarşılaşırıq. Dörd-beş tur qələbə qazana bilmirik. Halbuki son beş oyunun ən azı iki-üçündə qələbəyə daha yaxın tərəf biz olmuşuq”.
Baş məşqçi hücumların tamamlanmasındakı çatışmazlıqları da qeyd edib:
“Çempionatımızda rəqabət və komandaların qol imkanlarından istifadə səviyyəsi xeyli yüksəlib. Biz də bu rəqabətə tab gətirmək istəyiriksə, hücumların tamamlanmasında daha effektiv olmalıyıq. Bəlkə də yaratdığımız qol epizodlarına görə heç kimdən geri qalmırıq, amma həmin fürsətlərdən istifadə etməkdə problemlər yaşayırıq”.
Sadıqov Gəncə şəhər stadionundakı atmosferi isə xüsusi qiymətləndirib:
“Azərbaycanda möhtəşəm atmosfer var idi. Burada oynamaq olduqca zövqlü idi. Hətta məğlub olsaydıq belə, buradan mənfi emosiyalarla ayrılmazdım. Sevindiricidir ki, ölkəmizdə belə atmosferdə futbol qarşılaşmaları keçirilir”.
Qeyd edək ki, “Kəpəz” - “Zirə” görüşündə meydan sahibləri 57-ci dəqiqədə Benitonun qolu ilə hesabı açıblar. Qonaqların heyətində Davit Volkov 90-cı dəqiqədə fərqlənərək yekun nəticəni müəyyənləşdirib - 1:1.
