Almaniyanın “Borussiya” (Dortmund) futbol komandası UEFA Çempionlar Liqasında “Sabah”la qarşılaşma öncəsi ciddi logistika və hazırlıq çətinlikləri ilə üzləşib.
İdman.Biz Almaniyanın “dpa” agentliyinə istinadən xəbər verir ki, Dortmund təmsilçisinin Norveç və Berlin səfərlərindən sonra futbolçuların bərpasına və məşqlərə kifayət qədər vaxtı qalmayıb.
Klubun idman məsələləri üzrə rəhbəri Lars Rikken Bakıya uçuş zamanı təyyarənin əlavə eniş etməsinin gözlənildiyini açıqlayıb.
“Əvvəlcə evə qayıdacağıq, bir neçə saat dincələcəyik, sonra isə, yəqin ki, aralıq enişlə Azərbaycana uçacağıq. Çünki təyyarənin yanacaq çəninin tutumu bu məsafəni fasiləsiz qət etməyə kifayət etmir”, - deyə Rikken bildirib.
O, komandanın ağır səfər qrafikinə baxmayaraq, bəhanə axtarmamalı olduğunu vurğulayıb:
“Futbolçular avqustun sonundan bəri Avropanın müxtəlif şəhərlərində ardıcıl oyunlar keçirirlər. Amma bununla barışmalıyıq. Şikayət etməyə ehtiyac yoxdur”.
“Borussiya”nın idman direktoru Ole Buk da sıx təqvimin məşq prosesinə mənfi təsir göstərdiyini etiraf edib.
“Hazırda və qarşıdakı həftələrdə məşq keçirmək baxımından vəziyyət xeyli çətindir. Çünki demək olar ki, hər həftə iki oyun keçiririk”, - deyə klub rəsmisi bildirib.
Komandanın müdafiəçisi Valdemar Anton isə yorğunluğun meydandakı çıxışa bəhanə ola bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, oyun zamanı heç kim futbolçunun beş, yaxud yeddi saat yatması ilə maraqlanmır.
Qeyd edək ki, Dortmund təmsilçisi Çempionlar Liqasında Norveçin “Budyo-Qlimt” komandasına 0:1 hesabı ilə məğlub olub, daha sonra Bundesliqada “Union Berlin”lə qolsuz heç-heçə edib.
“Sabah” - “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakıda keçiriləcək.
