UEFA Çempionlar Liqasının üçüncü turunda keçiriləcək “Sabah” - “Borussiya” (Dortmund) qarşılaşması öncəsi maraqlı statistik göstəricilər açıqlanıb.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi tarixində ilk dəfə Almaniya futbol klubu ilə üz-üzə gələcək.
“Borussiya” isə Azərbaycan komandalarına qarşı keçirdiyi dörd görüşün hamısında qalib gəlib. Dortmund təmsilçisi həmin qarşılaşmalarda 12 qol vurub, qapısından yalnız bir top buraxıb.
Almaniya klubu 2010/2011 mövsümündə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı 4:0 və 1:0, 2015/2016 mövsümünün qrup mərhələsində isə “Qəbələ”ni 3:1 və 4:0 hesabı ilə məğlub edib.
UEFA-nın təqdim etdiyi statistikada “Sabah”ın cari mövsümdəki ev oyunları xüsusi diqqət çəkir. Azərbaycan təmsilçisi Çempionlar Liqasında doğma meydanda keçirdiyi beş qarşılaşmanın hamısında qələbə qazanıb. Komanda bu görüşlərdə 14 qol vurub, cəmi iki top buraxıb.
Ümumilikdə “Sabah”ın cari mövsümdə turnirdəki göstəricisi yeddi qələbə və üç məğlubiyyətdir. Komanda beş qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Azərbaycan təmsilçisi ilk dəfə iştirak etdiyi Çempionlar Liqasının təsnifat mərhələlərində Uelsin “TNS” (4:1), Finlandiyanın KuPS (3:0), Danimarkanın “Orhus” (5:2) və İsrailin “Hapoel Beer-Şeva” (6:4) komandalarını mübarizədən kənarlaşdırıb.
Liqa mərhələsinin ikinci turunda isə “Sabah” Çexiyanın “Slaviya” (Praqa) komandasına 2:0 hesabı ilə qalib gəlib. UEFA-nın məlumatına görə, klubun avrokuboklarda keçirdiyi 24 qarşılaşmanın heç biri qolsuz başa çatmayıb.
“Borussiya”nın səfər statistikası isə əks göstəricilərlə diqqət çəkir. Dortmund təmsilçisi Çempionlar Liqasında keçirdiyi son dörd səfər oyununda məğlub olub. Bu nəticə klubun turnirdəki antirekordunun təkrarıdır.
Almaniya klubu sonuncu dəfə Norveçdə “Budyo-Qlimt”ə 0:1 hesabı ilə uduzub. Bununla yanaşı, “Borussiya”nın Çempionlar Liqasında keçirdiyi son 57 səfər qarşılaşmasının heç biri 0:0 hesabı ilə yekunlaşmayıb. Sonuncu belə nəticə 2013-cü ildə “Malaqa” ilə oyunda qeydə alınıb.
Qeyd edək ki, “Sabah” - “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakıda keçiriləcək.
