“Çelsi”nin qapıçısı ağır zədədən sonra əməliyyat olundu

18 Oktyabr 2026 22:21
92
“Çelsi”nin qapıçısı ağır zədədən sonra əməliyyat olundu

İngiltərənin “Çelsi” futbol komandasının qapıçısı Emiliano Martines ağır zədə səbəbindən əməliyyat olunub.

İdman.Biz London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı argentinalı qolkiperin çənəsində sınıq aşkarlanıb.

Hadisə İngiltərə Premyer Liqasında “Everton”la keçirilən və “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın ikinci hissəsində yaşanıb.

Martines rəqib komandanın müdafiəçisi Cerrad Brantveytlə hava mübarizəsində toqquşaraq ağır zədə alıb.

Tibbi heyət qapıçıya meydanda səkkiz dəqiqə ərzində yardım göstərib. Ardınca futbolçu xərəkdə meydandan çıxarılaraq xəstəxanaya aparılıb.

Müayinələr zamanı Martinesin çənəsində sınıq olduğu müəyyənləşib və cərrahi müdaxilə barədə qərar qəbul edilib. Bu gün keçirilən əməliyyat uğurla başa çatıb.

Argentina millisinin qapıçısı sosial şəbəkə hesabında xəstəxanadan paylaşım edərək səhhəti barədə məlumat verib:

“Mesajlarına görə hər kəsə təşəkkür edirəm. Əməliyyat uğurlu keçdi. Ən vacibi odur ki, qalib gəldik və qapımızı toxunulmaz saxladıq. Bir neçə həftədən sonra geri qayıdacağam”.

Martinesin zədələnməsindən sonra meydana 21 yaşlı belçikalı qapıçı Mayk Penders daxil olub. O, bununla İngiltərə Premyer Liqasında debüt edib.

İdman.Biz