“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının səkkizinci turunda “Neftçi” ilə 3:3 hesablı heç-heçədən sonra qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonrakı mətbuat konfransında hər iki komandanın çıxışından razı qaldığını bildirib:
“Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Çox maraqlı oyun oldu. Məncə, heç bir komanda məğlubiyyətə layiq deyildi. Futbolçular azarkeşləri sevindirdilər, onlara yaxşı futbol şousu təqdim etdilər. Hər iki komandanı təbrik edirəm”.
Qurbanov “Neftçi”nin gücləndiyini və komandasının rəqib qarşısında çətinlik çəkdiyini vurğulayıb:
“Bu gün qarşımızda çox güclü komanda var idi. “Neftçi” yaxşı kollektiv təsiri bağışladı və bizə öz oyunumuzu göstərməyə imkan vermədi. Rəqib yaxşı mübarizə apardı. Bununla yanaşı, bizim də çatışmazlıqlarımız var”.
Baş məşqçi çempionluq uğrunda mübarizədə rəqabətin artmasına da diqqət çəkib:
“Həm “Sabah”, həm də “Neftçi” tamamilə fərqli səviyyəyə yüksəlib və fərqli futbol oynayır. Buna görə biz daha çox çalışmalı, futbolçularımıza daha ciddi yanaşmalıyıq. Bu çempionatda asan oyun və zəif rəqib yoxdur. Təkcə “Sabah” və “Neftçi”ni düşünmək olmaz. “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və digər komandalar da yaxşı nəticələr qazanmağa çalışır. Hər bir komandanın öz gücü, məşqçiləri və iddiaları var. Mövsümün sonunadək mübarizəmizi davam etdirərək yaxşı nəticələr qazanmağa çalışacağıq”.
Qurbanov yeni transferlərin komandaya uyğunlaşması ilə bağlı problemlərin davam etdiyini də açıqlayıb:
“Çətinliklərimiz var, çatışmazlıqlarımız da az deyil. Yeni gələn futbolçularımızın, demək olar ki, hamısı müəyyən zədə problemləri yaşayıb. Bir qədər də vaxta ehtiyacımız var. Düşünürəm ki, belə oyunlar onların çempionatımıza daha tez uyğunlaşmasına kömək edəcək”.
Mütəxəssis uzun fasilədən sonra Şahruddin Məhəmmədəliyevin əsas heyətdə meydana çıxmasının səbəbini də izah edib:
“Əslində, Zlomisliç ehtiyatda oturacaq vəziyyətdə deyildi. İki gün əvvəl zədələnmişdi. Sadəcə, təcrübəsini nəzərə alaraq komanda ilə bir yerdə olmasını istədim. Amma bu oyunda meydana çıxmağa hazır deyildi”.
Qeyd edək ki, səkkizinci turdan sonra “Qarabağ” 17 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Eyni xala malik “Neftçi” ikinci, 19 xalı olan “Sabah” isə bir oyun ehtiyatla liderdir.
