Vernidub “Qarabağ”la oyundan sonra iddialı danışdı: “Neftçi” artıq rəqiblərindən qorxmur

17 Oktyabr 2026 21:43
102
Vernidub “Qarabağ”la oyundan sonra iddialı danışdı: “Neftçi” artıq rəqiblərindən qorxmur

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının səkkizinci turunda “Qarabağ”la 3:3 hesablı heç-heçəni şərh edib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonrakı mətbuat konfransında komandasının çıxışından razı qaldığını, lakin qələbəni əldən vermələrindən təəssüfləndiyini bildirib:

“Çox yaxşı və çətin oyun oldu. Güclü rəqibimiz var idi. Azarkeşlərimiz də bizə möhtəşəm dəstək göstərdilər. Hesabda dəfələrlə önə keçdik. Dördüncü qolu da vurduq, amma hakim onu qeydə almadı. Təəssüf ki, sona yaxın bir qədər dözmədik və iki qol buraxaraq heç-heçə ilə kifayətləndik. Buna baxmayaraq futbolçularımdan çox razıyam. Onlar bu gün meydanda əllərindən gələni etdilər, bütün güclərini sərf etdilər. Təbii ki, üzərində işləməli olduğumuz məqamlar var və bunu edəcəyik. Qarşıda bir həftə vaxtımız var. Bu müddətdə “Turan Tovuz”la oyuna hazırlaşacağıq”.

Vernidub “Neftçi”nin artıq çempionluğa iddialı komandalarla oyunlarda özünü zəif tərəf hesab etmədiyini vurğulayıb:

“Artıq “Neftçi”nin “Qarabağ” və “Sabah” kimi rəqiblərlə qarşılaşmalarda özünü autsayder kimi hiss etdiyini demək olmaz. Əvvəllər “Qarabağ”a böyük hesabla uduzduğumuz vaxtlar olub. İndi isə rəqiblərimizdən qorxmuruq”.

Baş məşqçi futbolçuların psixoloji durumuna da toxunub:

“Ən vacib məqam futbolçularımızın psixoloji təzyiq altında qalmamasıdır. Bu, futboldur, belə hallar baş verir. Baş verənləri qəbul edib irəli baxmaq lazımdır”.

Mütəxəssis komandanın qarşısına qoyduğu hədəflərdən danışarkən son iki turda itirilən xalları da xatırladıb:

“Mən yalnız qələbə arzulayıram. Heç-heçə və ya məğlubiyyət istəməyim mümkün deyil. Əsas odur ki, gücümüzü toplayıb qarşımıza qoyduğumuz məqsədə doğru sona qədər irəliləyək”.

Vernidub komandanın inkişafı üçün zamana ehtiyac olduğunu da qeyd edib:

“Həm bizim, həm də “Qarabağ”ın heyətində çoxlu yeni futbolçu var. Komandanın formalaşması və oyunçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac duyulur. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik. Artıq çempionatın dörddə birini geridə qoymuşuq. Qarşıda bizi hələ 25 oyun gözləyir”.

Qeyd edək ki, “Neftçi” səkkiz turdan sonra 17 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Eyni xala malik “Qarabağ” isə üçüncü sıradadır.

İdman.Biz