“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının səkkizinci turunda “Sumqayıt”a 1:2 hesablı məğlubiyyətin səbəblərindən danışıb.
İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının özünəinam problemi yaşadığını vurğulayıb.
“İlk hissədə pis oynamadıq. Hesabda öndə idik və bu cür davam etməliydik. Özümüzə inamımız yoxdur. Meydanın özümüzə aid hissəsinə çəkildik və lazımsız qollar buraxdıq”, - deyə Maksimov bildirib.
Fasilədən sonra komandasının oyununda baş verən dəyişikliklərə toxunan baş məşqçi futbolçularının üstünlüyü qorumağa çalışdıqlarını söyləyib.
“Komanda hesabı qorumaq istəyirdi. Daha sadə oynamağa çalışdıq. Nəticədə özümüzü çıxılmaz vəziyyətə saldıq”, - deyə o qeyd edib.
Səkkiz turdan sonra “Araz-Naxçıvan”ın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşması ilə bağlı sualı da cavablandıran Maksimov mübarizəni davam etdirəcəklərini vurğulayıb.
“Əlimizdə olan heyətlə işləməyə davam edəcəyik. Ruhdan düşməyəcəyik. İşimizi davam etdirəcəyik”, - deyə baş məşqçi əlavə edib.
