“Sumqayıt”ın baş məşqçisi Filipe Kandidu Misli Premyer Liqasının səkkizinci turunda “Araz-Naxçıvan” üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında futbolçularının bu nəticəyə layiq olduqlarını söyləyib.
“Bu qələbəyə görə xoşbəxtəm. Futbolçularım buna layiq idilər. Bütün bu müddət ərzində çox çalışmışıq və komandamızın oyununda yüksəliş gözlənilən idi. Bugünkü matça pis başladıq və bundan narazı qaldım. Rəqib orta xətdə dörd futbolçu ilə meydana çıxaraq bizi təəccübləndirdi. Bu vəziyyətdən çıxış yolu tapmaq üçün on dəqiqə vaxt sərf etdik. Mübarizələrdə asanlıqla uduzurduq. Rəqibin fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Çox kobud səhvdən sonra qol buraxdıq. Fasilədən sonra dəyişikliklər etdik və çox yaxşı oynadıq. Xeyli qol vəziyyəti yaratdıq. Bu qədər qol imkanından sonra qələbəyə layiq idik”, – deyə Kandidu bildirib.
Baş məşqçi növbəti turda qarşılaşacaqları “Zirə” ilə oyuna da münasibət bildirib. “Sumqayıt”ın bu rəqibə altı ildir qalib gələ bilməməsi barədə suala cavab verən mütəxəssis həmin statistikadan xəbərsiz olduğunu deyib.
“Onların oyunlarını izləmişəm, lakin təhlili gələn həftə aparacağıq. Belə bir statistikadan xəbərim yox idi. Bu uğursuz seriyaya son qoymağa çalışacağıq”, – deyə o vurğulayıb.
