Fransanın “France Football” jurnalı tərəfindən təsis edilən “Qızıl top” (Ballon d’Or) mükafatının 2026-cı il üzrə qaliblərinin açıqlanmasına az qalıb. Bu münasibətlə “Kəpəz” klubunda maraqlı sorğu keçirilib.
İdman.Biz xəbər verir ki, səsvermədə komandanın baş məşqçisi Azər Məmmədov və futbolçular iştirak ediblər.
Sorğu “İlin ən yaxşı futbolçusu”, “İlin ən yaxşı qapıçısı” və “İlin ən yaxşı məşqçisi” nominasiyaları üzrə təşkil olunub.
Nəticələrə əsasən, “sarı-göylər” ən yaxşı futbolçu kimi “Barselona”nın hücumçusu Lamin Yamala üstünlük veriblər. İspaniyalı futbolçu 11 səslə Lionel Messini cəmi bir səs qabaqlayıb.
Ən yaxşı qapıçı nominasiyasında “Arsenal”ın üzvü David Raya doqquz səslə birinci olub. Məşqçilər arasında isə PSJ-nin çalışdırıcısı Luis Enrike 19 səslə inamlı qələbə qazanıb.
“Kəpəz”in səsverməsinin nəticələri:
İlin ən yaxşı futbolçusu
Lamin Yamal (“Barselona”, İspaniya) – 11 səs
Lionel Messi (“İnter Mayami”, Argentina) – 10 səs
Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan) – üç səs
Kilian Mbappe (“Real Madrid”, Fransa) – iki səs
Maykl Olise (“Bavariya”, Fransa) – bir səs
İlin ən yaxşı qapıçısı
David Raya (“Arsenal”, İspaniya) – doqquz səs
Unai Simon (“Atletik Bilbao”, İspaniya) – yeddi səs
Emiliano Martines (“Çelsi”, Argentina) – dörd səs
Tibo Kurtua (“Real Madrid”, Belçika) – üç səs
Xuan Qarsiya (“Barselona”, İspaniya) – iki səs
Vozinya (“Kolo-Kolo”, Kabo-Verde) – bir səs
Yassin Bunu (“Əl-Hilal”, Mərakeş) – bir səs
İlin ən yaxşı məşqçisi
Luis Enrike (PSJ) – 19 səs
Mikel Arteta (“Arsenal”) – beş səs
Luis de la Fuente (İspaniya millisi) – üç səs
Qeyd edək ki, “Qızıl top” mükafatına namizədlər 2025-ci il avqustun üçündən 2026-cı il iyulun 19-dək göstərilən nəticələr əsasında müəyyənləşdirilib. Mükafatın qalibləri oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq.
