Bu gün, oktyabrın 17-də Azərbaycan futbolunun əsas qarşılaşması keçiriləcək. Misli Premyer Liqasının səkkizinci turunda Ağdamın “Qarabağ” klubu Bakının “Neftçi” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.
İdman.Biz xəbər verir ki, qarşıdakı derbi son illərin ən maraqlı qarşılaşmalarından biri olmağa namizəddir. Əvvəlki mövsümlərdə “Qarabağ” prinsipial rəqibi ilə görüşlərə aşkar favorit kimi çıxırdısa, bu dəfə qüvvələr nisbəti daha fərqli görünür. “Neftçi” həm oyununu xeyli yaxşılaşdırıb, həm də məhsuldar çıxışı ilə turnir cədvəlinə başçılıq edir.
Səkkizinci tur ərəfəsində üç komandanın hərəyə 16 xalı var. Beş qələbə qazanan, bir heç-heçə edən və bir dəfə məğlub olan “Neftçi” 18:5 top fərqi ilə birinci pillədə qərarlaşıb. İkinci yerdə son ölkə çempionu “Sabah” (14:1), üçüncü pillədə isə “Qarabağ” (11:4) yer alıb. Bununla belə, hər iki izləyici komanda “Neftçi”dən bir oyun az keçirib və hələ məğlubiyyətlə üzləşməyib.
Beləliklə, qarşıdakı derbi təkcə tarixi rəqabət baxımından deyil, turnir cədvəlinin yuxarı pillələrindəki mübarizə baxımından da xüsusi əhəmiyyət daşıyır. Üstəlik, “Neftçi” ilə oyundan sonra “Qarabağ”ı daha bir prinsipial qarşılaşma gözləyir. Ağdam təmsilçisi oktyabrın 25-də “Sabah”la üz-üzə gələcək.
Qeyd edək ki, bu, komandaların Azərbaycan çempionatları çərçivəsində 103-cü görüşü olacaq. Peşəkar Futbol Liqasının statistikasına əsasən, əvvəlki 102 oyunun 47-də “Qarabağ”, 24-də “Neftçi” qələbə qazanıb. Daha 31 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbətində də Ağdam klubunun üstünlüyü var - 148:87.
Rəqiblər arasındakı ilk qarşılaşma 1992-ci il sentyabrın 26-da baş tutub və 1:1 hesabı ilə yekunlaşıb. Həmin vaxtdan etibarən bu oyun Azərbaycan futbolunun ən prinsipial qarşılaşmalarından birinə çevrilib.
Son illərdə “Qarabağ”ın üstünlüyü daha qabarıq görünür. Ağdam klubu çempionat oyunlarında ardıcıl 19 matçdır ki, “Neftçi”nin qapısına qol vurur. Bundan başqa, “Qarabağ” doğma meydanda bakılılarla keçirdiyi son beş görüşün hamısında qalib gəlib və bu oyunlarda ümumilikdə 16 qol vuraraq qapısında top görməyib. Həmin qarşılaşmalar müvafiq olaraq 2:0, 5:0, 4:0, 3:0 və 2:0 hesabları ilə başa çatıb.
Lakin komandalar arasındakı ümumi qələbə seriyası bu ilin yazında qırılıb. Aprelin 30-da “Neftçi” rəqibini 2:1 hesabı ilə məğlub edib. Görüşün taleyini həll edən qolu Bassal Sambou əlavə olunmuş vaxtın ikinci dəqiqəsində vurub. Bu, bakılıların təxminən beş ilə yaxın müddətdən sonra “Qarabağ” üzərində qazandığı ilk qələbə olub. Maraqlıdır ki, cəmi dörd gün əvvəl Ağdam təmsilçisi “Neftçi”ni 5:1 hesabı ilə darmadağın etmişdi. Son iki qarşılaşma derbinin nə qədər gözlənilməz ola biləcəyini göstərib.
Qarşıdakı oyunda “Qarabağ” əvvəlki illərdəki kimi aşkar favorit təsiri bağışlamır. “Neftçi”nin hazırkı forması isə bakılıların əsas üstünlüyüdür. Yuri Vernidubun rəhbərlik etdiyi komanda çempionatın ən məhsuldar hücum xəttinə malikdir. “Neftçi” yeddi turda 18 qol vurub. Komandanın braziliyalı hücumçusu Breno Almeyda isə yeddi qolla bombardirlər yarışına başçılıq edir.
“Zirə”yə 0:1 hesablı məğlubiyyətdən sonra bakılılar ardıcıl olaraq “Şəfa”nı (4:1), “İmişli”ni (3:2) və “Qəbələ”ni (3:0) məğlub edib. Daha sonra son çempion “Sabah”la qolsuz heç-heçə qeydə alınıb. Beləliklə, “Neftçi” derbiyə çempionatda dörd oyunluq məğlubiyyətsizlik seriyası ilə çıxır.
“Qarabağ” da sabit çıxışı ilə seçilir. Qurban Qurbanovun komandası keçirdiyi altı oyunun beşində qalib gəlib. Ağdam təmsilçisi son turda “İmişli”ni 2:0 hesabı ilə məğlub edib. Bununla belə, bu dəfə qarşısında təkcə hücumda effektiv oynamaqla kifayətlənməyən, həm də ölkənin ən güclü komandalarından xal almağı bacaran rəqib olacaq.
Ev sahiblərinin işini çətinləşdirən amillərdən biri də heyət itkiləridir. “Qarabağ”ın mətbuat xidmətindən İdman.Biz-ə verilən məlumata görə, Dieqo Rosa, Elvin Cəfərquliyev və İsmael Toafek zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcəklər. Üç futbolçunun yoxluğu, xüsusilə də çempionatın liderinə qarşı oyunda, məşqçilər korpusunun işini çətinləşdirə bilər.
Mütəxəssislərin fikirləri də derbiyə marağı artırır. “Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov hesab edir ki, “Qarabağ”ın bu cür qarşılaşmalarda aşkar favorit olduğu dövr artıq geridə qalıb. Onun fikrincə, hazırkı “Neftçi”nin imkanları qələbə qazanmağa yetərlidir və komandalar arasındakı mübarizə əvvəlkindən daha rəqabətli xarakter alıb.
Beləliklə, bugünkü qarşılaşma hər iki komandanın iddiaları üçün ciddi sınaq olacaq. “Qarabağ” prinsipial rəqibi üzərində evdə ardıcıl altıncı qələbəsini qazanmağa və bu oyunlardakı qapısını toxunulmaz saxlamaq ənənəsini davam etdirməyə çalışacaq. “Neftçi” isə turnir cədvəlinə liderlik etməsinin təsadüfi olmadığını və aprel ayında qazandığı qələbənin birdəfəlik uğur sayılmadığını sübut etmək istəyəcək.
Əvvəllər derbi öncəsi əsas sual çox vaxt “Qarabağ”ın hansı hesabla qalib gələcəyi idisə, indi vəziyyət fərqlidir: Ağdam klubu üstünlüyünü bir daha təsdiqləyəcək, yoxsa yüksəlişdə olan “Neftçi” qüvvələr nisbətini dəyişməyi bacaracaq?
