Misli Premyer Liqasının beşinci turunda “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib.
“İki fərqli hissə gördük. Birinci hissədə çox ləng oynayırdıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirdik. Hücum xəttində kim yoruldusa, onu əvəzlədim. Amma müdafiədəki oyunçulardan kiminsə zədələnəcəyini güman etməmişdim. Ümumilikdə iki xal itirdik”, - deyə Berdiyev bildirib.
Mütəxəssis matçın sonlarında “Turan Tovuz”un qapısına təyin olunan penalti qərarının nəticəyə təsir etdiyini də vurğulayıb:
“Penalti nəticəyə təsir etdi. Amma biz 10 nəfərlə oynayırdıq. Çünki müdafiəçimiz zədələnmişdi və əvəzetmə edə bilmirdik. Penaltinin olub-olmamasına gəlincə, mən bunu müzakirə etmirəm. Amma əgər qapıçı ona fürsət verdisə, demək ki, var”.
Berdiyev epizodun VAR-da uzun müddət yoxlanılmasına da münasibət bildirib və karyerasında belə penalti qərarı görmədiyini söyləyib:
“Baş hakim epizodun təkrarına baxmaq üçün VAR-a gedəndə, ehtimal edirdim ki, qərarını dəyişəcək. Çünki orada ayaqla toxunuş yox idi, bəlkə başa nəsə olmuşdu”.
“Araz-Naxçıvan”ın oyun sisteminə əvvəlcədən hazırlaşdıqlarını deyən baş məşqçi rəqibin onları təəccübləndirmədiyini bildirib:
“Biz rəqibin oynadığı iki sistemi təxmini bilirdik. Hər iki sistemə uyğun məşq edib, hazırlaşırdıq. Gözlənilməz heç nə olmadı”.
Qeyd edək ki, “Turan Tovuz” 86-cı dəqiqədə təyin olunan penaltidən sonra qələbəni əldən verib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
