Dambrauskas Çempionlar Liqasında iştirak barədə: “Biz heç kimdən çəkinmirik” - VİDEO

30 Avqust 2026 00:37
104
Dambrauskas Çempionlar Liqasında iştirak barədə: “Biz heç kimdən çəkinmirik”

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas AzTV-yə müsahibə verib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis müsahibəsində komandanın qazandığı tarixi uğuru yüksək qiymətləndirib və qarşıdakı mərhələdə ciddi mübarizə aparacaqlarını bildirib.

“Biz əsas mərhələyə vəsiqə qazandıq. Bu, futbolda əldə edilə biləcək ən böyük uğurlardan biridir. Bu nəticəni çox istəyirdik. Düşünürəm ki, hər bir futbolçu və məşqçinin belə bir arzusu var. İndi isə rəqiblərimizlə mübarizə aparmalı və döyüşməliyik. Əlbəttə, asan olmayacaq. Bunun üçün necə mübarizə aparacağımızı bilməli və düzgün həll yolları tapmalıyıq”, – deyə Dambrauskas bildirib.

Baş məşqçi azarkeşlərin komandanın uğurunda mühüm rol oynadığını vurğulayıb:

“Çox istərdim ki, bütün azarkeşlərimiz və bizi dəstəkləyən hər kəs tribunalarda olsun. “Hapoel”lə oyunda olduğu kimi möhtəşəm atmosfer yaratsınlar. Demək olar ki, məhz onların dəstəyi bizə əlavə güc verdi və qələbə qazanmağımıza kömək etdi. Ümid edirəm ki, azarkeşlərimiz bizi təkcə Çempionlar Liqasında deyil, daxili çempionatda da dəstəkləyəcəklər. Onların köməyi ilə daha böyük nəticələr əldə edə bilərik”.

Valdas Dambrauskas yeni mövsümdə üç cəbhədə mübarizə aparacaq komandanın heyətinə yeni futbolçuların cəlb olunması məsələsinə də münasibət bildirib:

“Mən bu suala dəfələrlə cavab vermişəm. Çempionlar Liqasının ərizə siyahısında müəyyən limit var və ora yalnız 17 əcnəbi futbolçu daxil edilə bilər. Daha sonra dəyişiklik etmək mümkün deyil. Düşünürəm ki, ən azı qışa qədər Azərbaycan çempionatında, ölkə kubokunda və Çempionlar Liqasında bu heyətlə mübarizə aparacağıq”.

Litvalı çalışdırıcı Çempionlar Liqasındakı rəqiblərdən qorxmadıqlarını da diqqətə çatdırıb:

“Biz heç kimdən çəkinmirik. Nəticənin necə olmasından asılı olmayaraq, hər oyunda ən yaxşı futbolumuzu göstərməyə çalışacağıq. Bizi bu mərhələyə gətirən əsas amilləri unutmamalıyıq: çox çalışmaq və hər məşqdə yüksək performans göstərmək. Yenə yüksək səviyyədə çıxış edib yaxşı nəticələr qazanmağa çalışacağıq”.

İdman.Biz