Misli Premyer Liqasının üçüncü turu çərçivəsində “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçəyə razılaşıb.
İdman.Biz xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini bölüşüb.
“İlk 15 dəqiqədə yaxşı oynadıq. Fürsətlər yaratdıq, amma onları qolla nəticələndirə bilmədik. Oyunun qurulmasında mühüm rol oynayan futbolçularımız var. Təəssüf ki, Bruno Silva bu gün özünü göstərə bilmədi. O, Meşak Uboçioma ilə birlikdə komandanın oyununu və tempini daha yaxşı anlamalıdır. Azərbaycan çempionatında oyunların sürəti artıb və mən bunu çoxdan deyirəm.
Daha sonra yenidən təzyiqi artırdıq. Bir sıra qol epizodları yaratdıq, lakin bunlardan yararlana bilmədik. Təşəbbüsümüzü nəticəyə çevirə bilmədik”, – Tsxadadze deyib.
Baş məşqçi komandanın üç turdan sonra qol vura bilməməsinin təzyiq yaratdığını da bildirib:
“Əlbəttə, rəhbərlik və azarkeşlər tərəfindən təzyiq olacaq. Üç oyundur qol vura bilmirik. Bu, normal deyil. Bu vəziyyət həm məşqçilər korpusuna, həm də futbolçulara təzyiq yaradır. Amma bu gün nümayiş etdirdiyimiz futbol istədiyimiz oyuna əvvəlki matçlardan daha yaxın idi”.
