Azərbaycanda qapıçılara qənim kəsilən müdafiəçilər - TƏHLİL

Təhlil
19 Yanvar 2024 11:28
825
Azərbaycanda qapıçılara qənim kəsilən müdafiəçilər -  TƏHLİL

2023-cü ildə Azərbaycan Premyer Liqasında ən çox qol vuran müdafiəçilər bəlli olub.

İdman.biz xəbər verir ki, 2022/23 mövsümünün ikinci, 2023/24 mövsümünün ilk yarısında müdafiəçilər ümumilikdə 63 qola imza atıb.

Söhbət PFL-də müdafiəçi kimi qeydiyyatdan keçən oyunçulardan gedir. Müasir futbolda oyunun gedişindən və məşqçilərin rotasiyaları bəzən mövqeləri şərti hala çevirir. Müdafiəçilərin bəzi matçlarda və ya görüşlərin müəyyən bölümlərində hətta hücumda oynaması, qapanan komandalarda bütün futbolçuların müdafiəçi kimi çıxış etməsi də futbola yad deyil. Bu üzdən oyunçuların qeydiyyat necə keçməsinə əsas götürsək, ötən mövsümün ikinci yarısında 28, cari çempionatın arxada qalan hissəsində 35 dəfə arxa xətt oyunçuları qol sevinci yaşayıblar.

Panamadan gəldi, rekord vurdu
İlin rekordçusu Roderik Millerdir. “Turan Tovuz”un panamalı legioneri 2023-cü ildə 6 qola imza atıb. Müdafiəçi ilin ilk yarısında 2, cari mövsümdə 4 dəfə rəqib qapılarına yol tapıb. 32 yaşlı mərkəzi amerikalı karyerasının ən məhsuldar mövsümünü cari turnirdə keçirir. Azərbaycana gələnə qədər hesabında çempionatlarda 5 top olan Miller təkcə Tovuz klubunda 6 dəfə fərqlənib.

“Neftçi”nin xilaskarı
Cari çempionatda Millerlə eyni sayda qola imza atan digər müdafiəçi Yuri Matiasdır. Uzun müddət “Neftçi”nin bombardiri olan braziliyalı bu mövsüm Premyer Liqada 4 qola imza atıb. Dəfərlərlə “ağ-qaralar”ın vacib qolunun müəllifi kimi xilaskar olan “sambaçı” ardıcıl üçüncü mövsümdə 4 dəfə fərqlənir. O, 2021/22-də “Qaz Metan, 2022/23-də ÇFR-də 4 dəfə rəqib qapısına yol tapıb.

Sabit məhsuldarlıq
2023-cü ildə 4 qol vuran digər müdafiəçi Con İrasabaldır. “Sabah”ın ispan futbolçusu həm ötən, həm cari mövsümdə eyni sayda – 2 dəfə fərqlənib. 28 yaşlı arxa xətt oyunçusu ölkəmizə gələnədək cəmi 2 dəfə qol sevinci yaşayıb. Heç vaxt bir mövsümdə birdən artıq qola imza atmayan Con “Sabah”da ardıcıl ikinci çempionatda 2 dəfə sevinib və bu rəqəmi mövsümün ikinci yarısında artıra da bilər.

Azərbaycan rekordçusu
2023-cü ildə ən çox qol vuran azərbaycanlı müdafiəçi isə Yusif Nəbiyevdir. “Səbail”in üzvü 4 dəfə fərqlənib. O, ilin bombardir müdafiəçiləri siyahısında Matias və İrasaballa 2-4-cü yerləri bölüşür. Yusif ötən çempionatda 1, cari mövsümdə 3 dəfə rəqib qapılarına yol tapıb.

Yalnız “Sabah”da
2023-cü ildə Premyer Liqa çərçivəsində 180 matç baş tutub. Bu görüşlərdə yalnız bir müdafiəçi dubl müəllifi olub. Bu, “Sabah”ın legioneri Sofian Çakladır. Mərakeşli legioner ötən ay fərqlənib. 31 yaşlı əcnəbi “Səbail”lə ev görüşündə iki qola imza atıb. Həmin qarşılaşmada meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib. Karyerasında ilk dəfə çempionatda dubl edən Sofian həm də məhsuldar mövsümünü təkrarlayıb. O, 2018/19 mövsümündə İspaniya “Melilla”sında da 2 qol vurub.

İnamsız müdafiəçilər
Müdafiəçilər 2023-cü ildə 63 qol vursalar da, yalnız bir dəfə penalti imkanı qazanıblar. Sanki arxa xətt oyunçularına qarşı inamsızlıq olduğundan onlara penalti etibar olunmur. Belə imkan qazanan yeganə müdafiəçi “Sabah”ın futbolçusu Boyan Letiçdir. Cari mövsümdə üç qol vuran 32 yaşlı legioner hələ karyerasının rekordundan uzaqdır. Bosniya və herseqovinalı futbolçu 2016/17 mövsümündə 7 dəfə fərqlənib. Amma Boyan həmin vaxt “Jilina-2” ilə Slovakiyanın aşağı liqasında özünü bombardir kimi aparıb.

“Səkkizlik”də
Ümumilikdə isə il ərzində 8 müdafiəçi üç və ya daha çox qol vurub. Miller 6, Matias, İrasabal, Nəbiyev 4 dəfə fərqlənibsə, üç qol vuranların sayı 4-ə bərabərdir. Letiçdən başqa bunu Dmitrios Çantaklias (“Zirə”), Şəhriyar Əliyev (“Turan Tovuz”) və Turan Manafov (“Araz Naxçıvan”) bacarıb. Sonuncu bütün qollarına cari mövsümdə imza atıb. Digər iki müdafiəçi ötən çempionatın ikinci bölümündə iki, bu mövsümdə bir dəfə rəqib qapıçıları məyus edib.

Ayxan Abbasovun müdafiəçiləri
Arxada qalan ilin 180 matçında ümumilikdə 32 müdafiəçi qol vurub. Həm fərqlənən arxa xətt oyunçularının, həm də onların qollarının sayında aşkar lider var. İlin hər iki rekordu “Turan Tovuz”a məxsusdur. Millerlə Əliyevin “Top-8”də olması da bunu təxmin etməyə əsas verir. Amma Ayxan Abbasovun komandasındakı müdafiəçilər arasında qol vuran təkcə onlar deyil. Tovuz klubunda il ərzində 8 müdafiəçi qol vurub. Onlar ümumilikdə 16 dəfə fərqləniblər. Hər iki göstəricidə ikinci sırada “Neftçi”dir. Bakılıların 5 müdafiəçisi 9 dəfə sevinib. Müdafiəçilərin qol sayında “Sabah” həmşəhərlilərinə şərikdir. Lakin onların 9 qoluna 3 oyunçu imza atıb.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: