"Bu axşam, ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq. Buna görə çox sevincliyik".
İdman.biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezideni Tahir Gözəl "Olimpiya" ilə oyundan sonra deyib.
Klub rəhbəri tarixi uğur qazandıqlarını bildirib: "Səhv etmirəmsə, Avropada 16 klub ardıcıl 10 dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Onların da əksəri birbaşa qrup mərhələsinə vəsiqə qazanıblar, təsnifat mərhələsi oynayaraq yox. Bu da bizim üçün tarixi bir gündür. Mən bu sevinci xalqımızda gördüyüm üçün çox məmnunam. Bu hissləri ifadə etmək çətindi. Avropada zəif komanda yoxdu. Ona görə də bizim üçün çətin oyun alındı. Qurban hoca növbəti dəfə öz məharətini göstərdi".
Klub rəhbəri mümkün transferlərlə bağlı sualı belə cavablandırıb: "Qurban hocanın əlində büdcəsi, imkanları var. Onun üçün məhdudiyyət yoxdur. Məndə bu haqda məlumat yoxdu. Bəlkə hansısa oyunçunu gözaltı ediblər".
T.Gözəl "Liverpul", "Roma" kimi kollektivlərə qarşı mübarizə aparmağa hazır olduqlarını bildirib: "Mən komandamıza inanram. "Liverpul"u, "Roma"nı Bakıda görməyi çox istərdim. "Qarabağ" və Azərbaycanı artıq bütün dünya tanıyır. Rəqiblərimizi burda gözləyirik, hansı komanda olur olsun, onları Bakıda çətin sınaq gözləyir".
İdman.biz