“Təlim-məşq toplanışından qayıtdıqdan sonra bu qədər uzun fasilə olmayıb”.
Bunu “Neftçi”nin yarımmüdafiəçisi Freddi Varqas Misli Premyer Liqasının altıncı turunun “Qəbələ” ilə matçından (3:0) sonra sportal.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Çox sevinirik ki, buradan üç xalla qayıdırıq. Milli fasiləyə görə dincəlmək üçün bir neçə günümüz olacaq. Ondan sonra qarşıdakı çətin oyunlara hazırlaşmağa başlayacağıq.
- Bir çox oyunçular, məşqçilər deyir ki, Qəbələnin havasına adaptasiya olmaq çətindir. Siz necə düşünürsünüz?
- Sözün düzü hansısa bir məqamda bir az çətinlik yaradır. Amma öyrəşəndən sonra adam çətinlik hiss etmir.
- Altı turdan sonra “Neftçi” liderdir. Geridə qalan dövrü necə dəyərləndirirsiniz?
- Mövsüm başlamamışdan əvvəl bizim məqsədimiz var idi. Hamımız həmin məqsədə köklənmişik. Ən yuxarı pillələr uğrunda mübarizə aparacağıq. Addım-addım buna doğru irəliləməyə çalışırıq.
- “Sabah”la oyun ərəfəsində milli fasilənin olması sizin üçün müsbət haldır, yoxsa mənfi?
- Təlim-məşq toplanışından qayıtdıqdan sonra bu qədər uzun fasilə olmayıb. Düşünürəm ki, fasilə bizim hamımıza yaxşı təsir edəcək. Hər bizimiz bir az futboldan uzaqlaşıb özümüzə köklənməli və növbəti oyunlara yenilənmiş formada qayıtmalıyıq.
- Hücumda oynayırsınız və effektiv alınır. Bəs yarımmüdafiə üçün darıxmırsınız?
- Bir az arxa mövqedə oynamaq üçün hərdən darıxıram. Amma baş məşqçi nə qərar verirsə, onun meydanda həyata keçirməyə çalışıram. Əgər komanda qalib gəlirsə, bundan məmnunam.
- Ötən mövsüm siz, bu mövsüm də Qustavo Klisman Yevlaxda baxımlı qol vurdu. Sanki Yevlax şəhər stadionu sizin üçün düşərlidir...
- Yevlaxda oynamaq heç kim üçün xoş deyil. Orada qolun necə vurulmağının fərqi yoxdur, əsas qol vurmaq və qələbə qazanmaqdır.
