“Neftçi”nin fransalı futbolçusu: “Bu qələbə hər kəs üçün çox vacibdir” - MÜSAHİBƏ

19 Sentyabr 2026 17:06
92
“Neftçi”nin fransalı futbolçusu: “Bu qələbə hər kəs üçün çox vacibdir” - MÜSAHİBƏ

“Hazırda öz komandamıza və gördüyümüz işə fokuslanmalıyıq”.

Bunu “Neftçi”nin yay transferi, 29 yaşlı fransalı müdafiəçi Endryu Qravilyon Azərbaycan Premyer Liqasının altıncı turunda “Qəbələ”yə qarşı keçirilən oyundan (3:0) sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Oyunu necə dəyərləndirirsiniz?

– Bizim üçün çox yaxşı oyun oldu. Ardıcıl üçüncü qələbəmizi qazandıq. İndi üç xal əldə etmişik və bunu qoruyub davam etdirməliyik. Qarşıdakı beş gün ərzində dincəlməliyik. Daha sonra geri qayıdaraq səhvlərimizi nəzərdən keçirib növbəti oyuna hazırlaşmalıyıq. Düşünürəm ki, çox yaxşı oyun keçirdik və növbəti qarşılaşmaya hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq.

– Bu qələbənin “Neftçi” üçün əhəmiyyəti nədir?

– Düşünürəm ki, bu, klub, onun tarixi, burada uzun illər çalışan insanlar və onların ailələri üçün çox yaxşı qələbədir. “Neftçi” Azərbaycanın böyük klubudur və çox yaxşı tarixə malikdir. Bu gün qazandığımız qələbənin hər kəs üçün çox vacib olduğunu düşünürəm.

– “Neftçi”nin turnir cədvəlində mövqeyini və komandanın hazırkı durumunu necə qiymətləndirirsiniz?

– Hazırda öz komandamıza və gördüyümüz işə fokuslanmalıyıq. “Sabah” “Sabah”dır, “Neftçi” isə “Neftçi”. İndi gördüyümüz işi davam etdirməliyik. Bu, hər kəs üçün çox yaxşıdır.

– Son oyunlarda heyətdə özünüzə daha çox yer qazanmısınız…

– Bu futboldur. Komandada 20-25 futbolçu var və hər kəs oynamalıdır. İndi mənim şansım gəlib və bu şansı qorumaq mənim işimdir.

İdman.Biz