Rumıniya mediası “Botoşani”nin futbolçusu Sebastyan Maylatın Bakının “Neftçi” klubuna baş tutmayan transferinin təfərrüatlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, “Digi Sport” nəşri “Bakının “Neftçi” klubu Sebastyan Maylatı “aldadıb” başlıqlı material dərc edib. Yazıda 28 yaşlı vingerin transferi ətrafında yaranmış vəziyyətdən bəhs olunub.
Buna səbəb “Botoşani”nin sahibi Valeriu İftimenin açıqlamaları olub. Onun sözlərinə görə, Bakı klubunun təklifi “Botoşani” üçün o qədər də sərfəli olmayıb. Lakin futbolçuya Azərbaycanda maliyyə baxımından cəlbedici şərtlər təklif edilib.
“Klub üçün təklif heç də sərfəli deyildi, amma onun üçün çox yaxşı məbləğdən söhbət gedirdi. Mənə getmək istədiyini dedi, çünki bu, onun üçün yaxşı pul təklifi idi. Həmin klubun üç variantı var idi və son günə qədər onu gözlətdilər. Sonda isə onun əvəzinə başqa futbolçu götürdülər”, - deyə İftime bildirib.
“Botoşani”nin sahibi qeyd edib ki, Maylat baş tutmayan transferə görə məyus olmayıb və artıq ertəsi gün Rumıniya klubu ilə müqaviləsini daha bir il uzadıb.
“O, məyus olmadı. Ertəsi gün Maylat mənimlə daha bir illik müqavilə imzaladı ki, onun klubdan azad agent kimi ayrılmaq istədiyini düşünməyək”, – deyə İftime əlavə edib.
Beləliklə, “Digi Sport”un “Neftçi”nin Maylatı “aldatdığı” barədə kəskin ifadəsinə baxmayaraq, “Botoşani” rəhbərinin açıqlamasından görünür ki, Bakı klubu eyni mövqeyə üç namizədi nəzərdən keçirib və transferin son günündə onlardan başqa bir futbolçunun üzərində dayanıb.
Maylat cari mövsümdə “Botoşani”nin heyətində 8 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
28 yaşlı futbolçu daha əvvəl “Poli Timişoara”, ÇFR, “Qaz Metan”, Kluj “Universitatya”sı, “Voluntari”, “Sepsi” və Cənubi Koreyanın “Suvon Bluvinqz” klublarında çıxış edib. Sonuncu klub Maylatın karyerasında Rumıniyadan kənarda çıxış etdiyi yeganə komandadır.
