“İlk 5 dəqiqəsində istədiyimiz tempdə pressinq etdik. Qol imkanımız da oldu, amma təəssüf ki, bundan yararlana bilmədik”.
Bu sözləri “Zaqatala” futbol klubunun baş məşqçisi Rakif Əliyev deyib.
Mütəxəssis komandasının Birinci Liqanın üçüncü turunda “Karvan-Yevlax”a məğlubiyyətini şərh edib.
“Bundan sonra futbolçumuzun qırmızı vərəqə alması planlarımızı alt-üst etdi. Biz gənclərdən qurulmuş komandayıq və əsasən sistem üzərindən futbol oynayırıq. Elxan Məmmədov intizamsızlıq etdi və buna görə cəzalandı. Onu başa düşürük, gəncdir, 19 yaşı var. Oyundan sonra çox məyus olmuşdu. Bu hadisə ona böyük dərs oldu. İlk hissədəcə 0:3 hesabı ilə geridə idik. Hesabın daha da böyüməməsi üçün ikinci yarıda daha qapalı futbol oynadıq. Rəqib futbolçularının təcrübəsi də açıq-aşkar hiss olunurdu. 3 oyuna 4 xal qazanmışıq. Əslində 6 xal toplamağı düşünürdüm. Qarşıdakı görüşlərdə daha yaxşı nəticələr qazanmağa çalışacağıq. İnşallah, növbəti matçlarda azarkeşlərimizi sevindirərik”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Karvan-Yevlax” - “Zaqatala” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
