“Bizi təcrübəli və adlı-sanlı klubla oyun gözləyir. İlk matçdan sonra üstünlüyümüz var. Rəqibin keyfiyyətli heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş dəstəyi var. Onlar avrokuboklarda kifayət qədər təcrübəyə malikdirlər. Sabah qarşıdurmanın gedişatını dəyişmək üçün əllərindən gələni edəcəklər. Biz buna hazırıq. Maraqlı 90 dəqiqə olacaq. Ümid edirəm ki, növbəti mərhələyə əsas vaxtda yüksələcəyik”.
İdman.Biz bildirir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo” (Kutaisi) ilə keçiriləcək cavab oyunundan əvvəl deyib.
“İstərdim ki, fiziki baxımdan ilk oyundan daha yaxşı vəziyyətdə olaq. Mövsümün ilk rəsmi matçı həmişə çətin keçir. Bilirik ki, rəqib sabah daha yaxşı oynayacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki, həm də taktiki baxımdan daha keyfiyyətli oyun göstərməliyik. Optimal fiziki formaya çatmaq üçün isə 3-4 rəsmi oyun keçirmək lazımdır”, - Sadıqov bildirib.
Bu komandalar arasındakı ilk matç 3:0 hesabı ilə “Zirə”nin xeyrinə başa çatıb.
“Torpedo” - “Zirə” oyunu iyulun 16-da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
