“Kəpəz” futbol komandasının baş məşqçisi Azər Məmmədov “Qəbələ”yə qarşı keçirilən yoxlama oyununu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə danışıb.
“Premyer Liqaya hazırlıq dövrünün ilk mərhələsinin yekununda “Qəbələ” ilə yoxlama oyunu keçirdik. Qarşılaşmanın birinci hissəsində əsas heyət üzvlərinə şans verdik. Futbolçular çalışdılar, tapşırıqları yerinə yetirməyə cəhd göstərdilər və ümumilikdə pis təsir bağışlamadılar. Qarşıda bizi daha bir neçə yoxlama görüşü gözləyir. Məqsədimiz oyundan-oyuna inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komandanın oyununu daha da təkmilləşdirməkdir”, - deyə Məmmədov bildirib.
Baş məşqçi heyətin gücləndirilməsinə ehtiyac olduğunu da vurğulayıb:
“Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyacımız var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq”.
Azər Məmmədov ikinci hissədə gənc futbolçulara şans verdiklərini qeyd edib:
“İkinci hissədə gənc futbolçulara, akademiyamızın yetirmələrinə şans verdik. Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdı. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldır. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar”.
Qeyd edək ki, yoxlama görüşündə “Qəbələ” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.
