UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçirilən TNS - “Sabah” oyununun son dəqiqələri Azərbaycan təmsilçisinin çıxışı ilə bağlı müəyyən suallar yaradıb.
Təbii ki, Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi hər iki oyunda qələbə qazanan komandanı sərt tənqid etmək ədalətli olmaz. Lakin “Sabah”ın turnirdə daha da irəliləməyi və Liqa mərhələsinə vəsiqə qazanmağı hədəflədiyini nəzərə alsaq, komandanın oyun planındakı bəzi məqamları təhlil etmək mümkündür.
İdman.Biz-ə “Sabah”ın səfərdə Uelsin TNS futbol komandasına qarşı matçın sonlarında müdafiədə buraxdığı səhvlərlə bağlı Azərbaycan millisinin sabiq futbolçusu, futbol eksperti Aslan Kərimovun fikirlərini öyrənib.
O, açıqlamasında son dəqiqələrdə yaranan boşluqların müdafiə xəttinin zəifliyi ilə deyil, daha çox futbolçuların psixoloji durumu ilə bağlı olduğunu bildirib:
“İlk növbədə hesabı unutmaq olmaz. Rəqibdən dörd top irəlidəsənsə və oyunun bitməsinə az qalıbsa, komandada müəyyən arxayınlıq yaranır. Belə anlarda futbolçular rahatlaşır və məsuliyyəti yaddan çıxarırlar. Rəqib isə itirəcək heç nəyi qalmadığı üçün risk edir, bütün komanda ilə irəli atılır və pressinqə başlayır.
Hər halda, klubun texniki heyəti tablodakı hesabdan asılı olmayaraq, futbolçuları oyunun son saniyəsinədək eyni tempdə mübarizə aparmağa hazırlamalıdır. Lakin bir daha qeyd edirəm ki, mən də futbolçu olmuşam və bu məqamları yaxşı başa düşürəm. Biləndə ki, rəqib oyunun taleyini dəyişmək iqtidarında deyil, istər-istəməz komandada rahatlıq yaranır”.
Aslan Kərimov bu vəziyyətin “Sabah”ın müdafiə xəttinin zəifliyi kimi qiymətləndirilməsinin doğru olmadığını vurğulayıb:
“Mən bunu “Sabah”ın müdafiə xəttinin zəifliyinə bağlamıram. Biz daxili çempionatda “Sabah”ın “Qarabağ” kimi güclü rəqiblərə qarşı oyunlarda necə inamla müdafiə olunduğunu görmüşük”.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Uelsin TNS futbol komandasını iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi növbəti mərhələdə Finlandiyanın “KuPS” futbol komandası ilə qarşılaşacaq.
