Rəhman Daşdəmirov: “Çempionlar Liqasında asan oyun olmur” - MÜSAHİBƏ

15 İyul 2026 17:51
85
Rəhman Daşdəmirov: “Çempionlar Liqasında asan oyun olmur” - MÜSAHİBƏ

“Hər klub öz ölkəsinin çempionudur”.

Bunu “Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Çempionlar Liqasında TNS ilə birinci oyundakı qələbəyə (2:0) baxmayaraq, cavab matçında da ilk dəqiqələrdən meydana qalibiyyət üçün çıxdığınızı göstərdiniz və məqsədinizə çatdınız. Görüşü və nəticəni necə şərh edərdiniz?

– İlk oyunda qalib gəlsək də, hələ heç nəyin həll olunmadığını bilirdik. Ona görə bu matça çox ciddi hazırlaşmışdıq. Meydançanın süni örtüklü olması müəyyən çətinlik yaradırdı. Üstəlik, görüşdən öncə meydança sulanmamışdı. Buna baxmayaraq, komanda olaraq yenə üstün futbol sərgilədik. Növbəti mərhələyə qələbə ilə vəsiqə qazandıq. Qalib gəldiyimizə görə şadam.

– TNS ilə hər iki matça əsas heyətdə çıxdınız, üstəlik, cavab görüşündə qol vurmağı da bacardınız. Hazırkı fərdi durumunuzu necə dəyərləndirirsiniz? Mövsümün sonunadək “Sabah”ın aparıcı futbolçularından olmağı bacaracaqsınız?

– Mən futbolçuyam, işim məşqlərdə və şans qazananda oyunlarda komandama maksimum kömək etməkdir. Ümid edirəm ki, mənə olan etimadı doğrultmuşam. Bu tempdə də davam etmək istəyirəm.

– Hücumçu və yarımmüdafiəçilərlə müqayisədə müdafiəçilər az qol vururlar. Bu mənada, TNS-ə vurduğunuz qolu karyeranızın bunaqədərki hissəsinin ən vacib qolu sayırsınızmı?

– Əsas olan komandanın qələbəsində rol oynamaqdır. Fərqi yoxdur, bu, qolla olsun və ya müdafiədə etibarlı oyunla. Vurulan hər qol yaddaşlarda əbədi qalır.

– Növbəti rəqib KuPS olacaq. Finlandiya çempionu ilə mübarizədə şansları necə dəyərləndirirsiniz?

– Çempionlar Liqasında asan oyun olmur. Hər klub öz ölkəsinin çempionudur. Buna görə də istənilən matçdan öncə şanslar 50/50-dir.

– Yeni transferlər haqda fikriniz necədir? Onlar “Sabah”ın gücünə güc qata biləcəklər?

– Onlar komandaya yeni qoşulublar. Hər biri yaxşı karyerası olan futbolçudur. İnanıram ki, komandamızın uğurlarına öz oyunları ilə töhfə verəcəklər.

– “Sabah” Çempionlar Liqasındakı debüt ilindəcə turnirin liqa mərhələsinə çıxmağı bacaracaq? Qarşınıza konkret olaraq bu hədəfi qoymusunuz, yoxsa məqsəd üş liqadan birinin liqa mərhələsində oynamaqdır?

– Əsas məqsəd mərhələ-mərhələ irəliləməkdir. Hazırda əsas hədəfimiz KuPS səddini keçməkdir.

İdman.Biz