Aslan Kərimov: “Sabah”ın ilk oyunda qapısını toxunulmaz saxlaması böyük əhəmiyyət daşıyır”

7 İyul 2026 14:50
82
Aslan Kərimov: “Sabah”ın ilk oyunda qapısını toxunulmaz saxlaması böyük əhəmiyyət daşıyır”

“Etiraf etməliyəm ki, Uels klubu haqqında ətraflı məlumatım yoxdur. Hazırda bütün diqqət dünya çempionatındadır. Üstəlik, TNS komandasının təlim-məşq toplanışında hansı heyətlə çıxış etdiyini, yeni transferlərini və hazırlıq səviyyəsini izləmək imkanım olmayıb. Ümumiyyətlə, belə oyunlar barədə dəqiq fikir formalaşdırmaq çətindir. Hazırlıq mərhələsində keçirilən yoldaşlıq görüşləri komandanın real gücünü tam əks etdirmir”.

Bu sözləri AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov “Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün Bakıda Uelsin TNS komandasına qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

Mütəxəssi rəqibin Uels təmsilçisi olmasına da toxunaraq bildirib ki, bu ölkənin klubları zaman-zaman uğurlu çıxışları ilə seçilirlər.

“TNS Britaniya futbol məktəbinin nümayəndəsidir. Uels klubları bəzi mövsümlərdə kifayət qədər güclü kollektiv formalaşdıraraq avrokuboklarda müəyyən mərhələlərə qədər irəliləyə bilirlər. Lakin hazırkı komandanın hansı səviyyədə olduğunu indidən söyləmək çətindir”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Veteran futbolçu hesab edir ki, “Sabah” bu mərhələdə rəqibini üstələmək gücünə malikdir:

“Daxili çempionatda, xüsusilə “Qarabağ”a qarşı oyunlarda “Sabah”ın həm hücum xəttinin məhsuldarlığını, həm də müdafiədə etibarlı çıxışını görmüşük. Düşünürəm ki, komanda ilk görüşdə qələbə qazanmaq üçün kifayət qədər potensiala sahibdir”.

Onun sözlərinə görə, qarşılaşmada topa daha çox “Sabah” nəzarət edəcək, rəqib isə əsasən əks-hücumlara üstünlük verəcək:

“Gözləyirəm ki, “Sabah” oyuna nəzarət edən tərəf olacaq. Rəqib isə daha çox müdafiədən oynayacaq və əks-hücumlarda şans axtaracaq. Onların təhlükəli tərəflərindən biri standart vəziyyətlərdir. Britaniya komandaları bunun üzərində həmişə ciddi işləyirlər və bu, xüsusilə Bakıdakı oyunda rəqibin əsas qol silahlarından biri ola bilər”.

Aslan Kərimov əlavə edib ki, “Sabah”ın ilk oyunda qapısını toxunulmaz saxlaması böyük əhəmiyyət daşıyır:

“Ümid edirəm ki, təmsilçimiz ev oyununda qol buraxmayacaq və matçı qələbə ilə başa vuracaq. Hesab edirəm ki, komanda mütləq qol vuracaq. Neçə qol olacağını isə artıq oyunun gedişi göstərəcək”.

Qeyd edək ki, bu güna “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - TNS görüşü saat 20:00-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra səfərdə olacaq.

İdman.Biz