Türkiyə çempionatından Azərbaycan millisinə: 28 il, 19 klub, 21 futbolçu - TƏHLİL

Təhlil
15 Yanvar 2024 14:39
127
Türkiyə çempionatından Azərbaycan millisinə: 28 il, 19 klub, 21 futbolçu - TƏHLİL

Qış transfer pəncərəsinin arxada qalan hissəsi Azərbaycan klublarının fəallığından daha çox futbolçularımızın Türkiyəyə üz tutması ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, qısa müddət kəsiyində bir neçə oyunçumuz qonşu ölkə klublarına keçib.

Onlar arasında Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev də var. 28 yaşlı hücumçu Tailandın “Buriram Yunayted” klubundan ayrılaraq “Kocaelispor”la anlaşıb. Düzdür, Türkiyə klublarına keçən digər oyunçular da gələcəkdə milliyə cəlb oluna, komandanın üzvünə çevrilə bilər. Lakin hazırkı durumda qışda qonşu ölkəyə yollananlardan yalnız Ramil yığmanın futbolçusu hesab olunur.

Bu isə o deməkdir ki, millinin qarşıdakı matçlarında Türkiyədən gələnlərin sayı daha çox olacaq. Ötən ilin son matçlarında Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”dan, Coşqun Diniyev “Umraniyespor”dan, Renat Dadaşov “Hatayspor”dan yığmaya çağırılırdı. Bəxtiyar Həsənalızadə də “Tulaspor”dan bir neçə dəfə millinin düşərgəsinə gəlib.

Maskatda başlayan yol

Türkiyə çempionatından Azərbaycan millisinə yol 28 il əvvəl açılıb. Həmin vaxt ilk cığıraçan Vyaçeslav Lıçkin olub. “Trabzonspor” karyerası uğurlu alınmayan yarımmüdafiəçi 1996-ci il oktyabrın 7-də Omanla Maskatdakı matçda Super Liqa təmsilçisinin üzvü kimi iştirak edib.

Ramil “Kocaelispor”da ilk deyil

Şeydayev “Kocaelispor”un millimizdəki ilk təmsilçisi olmayacaq. Vaxtilə bu komandada oynayan futbolçularımız sırasında Rəşad Sadıqov da olub. Yığmamızın kapitanı bu klubun üzvü kimi 4 matçda forma geyinib. Düzdür, Ramal Hüseynov da Kocaeli təmsilçisində çıxış edib. Lakin yarımmüdafiəçi həmin vaxt millidə meydana çıxmayıb. Bu üzdən Ramil yeni klubunun yığmamızdakı ikinci təmsilçisi ola bilər.

Kapitandan əlçatmaz rekord

Sadıqovdan söz düşmüşkən, millinin sabiq kapitanı qeyri-adi rekordun müəllifidir. O, Türkiyənin üç fərqli klubunun müdafiəçisi kimi yığmada şans qazanıb. “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”dan çağırılan arxa xətt oyunçusu 111 matçdan 11-də Super Liqa klublarının üzvü olub.

Ramil 7-ci olacaq

Şeydayev əvvəllər də Türkiyə klubunun futbolçusu kimi yığmada oynayıb. O, “Trabzonspor” üzvü kimi 4 qarşılaşmada şans qazanıb. Ramil “Kocaelispor”u da millimizdə təmsil etsə, ən azı 2 türk klubundan yığmaya gələn 7-ci futbolçu kimi tarixə düşəcək. Rəşad Sadıqov üç, İlqar Qurbanov, Ufuk Budak, Kamran Ağayev, Mahir Şükürov, Cihan Özkara hərəyə iki klubun oyunçusu kimi Azərbaycanın bir nömrəli komandasında forma geyinib.

19 kluba dəvət

AFFA tarixi ərzində əsas millidə oynamaq üçün Türkiyənin 19 klubuna dəvət göndərib. Düzdür, bundan başqa qonşu ölkədən çağırılan, amma meydana çıxmayanlar da olub. Yığma forması geyənlər isə müxtəlif liqaların 19 klubunu təmsil edib. Onlardan 9-u iki oyunçu verib. “Sivasspor”, “Bursaspor”, “Qaziantep”, “Karşıyaka”, “Eskişehirspor”, “Adana Demirspor”, “Kayserispor”, “Erzurumspor” və “Trabzonspor”un hərəsi iki futbolçunu millimizə göndərib. “Kocaelispor” bu siyahıda 10-cu ola bilər. Kocaeli təmsilçisindən başqa daha 9 klubun bir nümayəndəsi komandamızda şans qazanıb.

21 legioner: Özkaradan rekord

Müxtəlif illərdə Azərbaycan millisinin 21 futbolçusu Türkiyə klublarından çağırılıb. Onlar arasında rekordçu Cihan Özkaradır. O, “Sivasspor” və “Erciyesspor”un üzvü kimi 18 dəfə yığmanın oyununa çıxıb. İlqar Qurbanov 13, Namik Ələskərov 12 belə görüşdə iştirak edib.

Bizim “Sivasspor”

Azərbaycan millisində ən çox oyunda təmsilçisi olan “Sivasspor”dur. Bu klubun iki üzvü ümumilikdə 16 matçda yığma forması geyinib. Sivaslılar Cihan Özkaranın 12, İlqar Qurbanovun 4 dəfə millidə oynamasına şahid olublar. “Bursaspor”un futbolçularında ümumi oyun sayı 14-ə bərabərdir.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: