“Oyunu canlı izləyə bilmədim, çünki hazırda Çində yaşayıram”.
Bunu “Formula-1” Azərbaycan Qran-prisini işıqlandırmaq üçün Bakıda səfərdə olan Sinxua Xəbər Agentliyinin britaniyalı jurnalisti Maykl Corc Uilyam Batervort AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Azərbaycan futbolundan məlumatınız var?
– Bəli, müəyyən dərəcədə məlumatım var. Bilirəm ki, bu mövsüm “Sabah” Çempionlar Liqasında mübarizə aparır, bundan əvvəlki illərdə isə “Qarabağ” avrokuboklarda uğurlu çıxış edib. Xüsusilə Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlər sayəsində klublarınız haqqında xəbərim olur. Həmçinin bir “Arsenal” azarkeşi olaraq keçmiş futbolçumuz Toni Adams vaxtilə “Qəbələ” klubundan işlədiyindən xəbərdaram. Oyunçuların adlarını tam bilməsəm də, klublarınız və bəzi mühüm hadisələr barədə məlumatlıyam.
– “Sabah”ın İngiltərədə “Mançester Yunayted”lə görüşünü izləyə bildinizmi?
– Oyunu canlı izləyə bilmədim, çünki hazırda Çində yaşayıram. Orada Çempionlar Liqası matçları yerli vaxtla gecə saat 3-4 radələrinə təsadüf edir. Əgər “Arsenal” oynayırsa və ertəsi gün işim yoxdursa, durub baxıram, amma ümumilikdə çətin olur. Lakin o oyunun icmalını izlədim.
– “Sabah”ı məhz sizin azarkeşlik etdiyiniz “Arsenal”la oyun da gözlənilir. Bu matç haqqında nə düşünürsünüz?
– “Sabah” futbolçuları üçün inanılmaz bir təcrübə olacaq – Londona gəlmək və Premyer Liqanın son çempionu “Arsenal”a qarşı oynamaq möhtəşəm bir hissdir. Onlar üçün çox çətin matç olacaq, lakin böyük bir futbol bayramına çevriləcəyinə əminəm.
– Bakıya ilk gəlişinizdir? Şəhər haqqında təəssüratlarınız necədir?
– Bəli, Azərbaycana və Bakıya ilk dəfədir gəlirəm. Bura gəlməzdən əvvəl nə gözlədiyimi tam bilmirdim, amma indi şəhəri çox sevdiyimi deyə bilərəm. Səhər İçərişəhərdə gəzməyə vaxt tapdım. Bakıda hündür və möhtəşəm binalarla zəngin geniş küçələr var. Arxitektura mənə Parisi xatırladır – eyvanlar, binaların üslubu oxşardır. Tarixi qala divarları, qədim tikililər və müasir arxitekturanın sintezi çox gözəl mühit yaradır. Bakıda olmaqdan böyük zövq alıram.
