Nahid Əliyev: “Əsas məqsədimiz rekordu yeniləməkdir” - MÜSAHİBƏ

26 Sentyabr 2026 12:33
68
Nahid Əliyev: “Əsas məqsədimiz rekordu yeniləməkdir” - MÜSAHİBƏ

“Dəyişən bir şey yoxdur. Sadəcə, ilk oyun baş məşqçi Rəşad müəllimin rəhbərliyi altında ilk matçımız idi”.

Bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Nahid Əliyev Avropa çempionatının seçmə mərhələsində Çexiya U-21 ilə matçdan (1:1) sonra sport1.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Oyunla bağlı təəssüratlarınız necədir?

- “Şükürlər olsun ki, xal qazana bildik. Ağır oyun keçdi. Millidə bütün oyunlar belə olur. Çexiya da qrupda ikinci yerdə qərarlaşan komandadır. Çox şükür ki, 1 xal qazandıq.

- Qarşılaşma boyu xeyli epizodlarınız oldu. Qələbə üçün nə çatmadı?

- Nəyin çatmadığını dəqiq deyə bilmərəm, amma müdafiədə oturmadıq. Qorxmadıq, futbol oynadıq. Məncə, buna görə nəticə yaxşıdır. Hətta qələbə də qazana bilərdik.

- İlk oyunda yığmamız 0:5 hesabı ilə uduzmuşdu. Bu dəfə bərabərlik qeydə alındı. Həmin matçdan bu yana nələr dəyişdi?

- Dəyişən bir şey yoxdur. Sadəcə, ilk oyun baş məşqçi Rəşad müəllimin rəhbərliyi altında ilk matçımız idi. Bəlkə də, onda bir-birimizi yaxşı tanımırdıq. İndi isə bir-birimizi daha yaxşı başa düşürük və baş məşqçinin tapşırıqlarını yerinə yetiririk.

- Bundan sonra komandanın əsas hədəfi nədir? Milli komandada rekord 9 xal idi və bu göstəricini yeniləmək ehtimalınız var...

- Əlbəttə. Rekord 9 xaldır. Biz isə daha çox xal toplamaq istəyirik. Şükürlər olsun ki, artıq aktivimizdə 7 xal var. Əsas məqsədimiz rekordu yeniləməkdir.

İdman.Biz