İtaliyanın “Sampdoriya” futbol komandasının Azərbaycan əsilli hücumçusu Lorenzo Mezzotero uğurlu çıxışını davam etdirir.
İdman.Biz xəbər verir ki, 18 yaşlı futbolçu İtaliya B Seriyasının 13-cü turunda “Padova” ilə səfər qarşılaşmasında dubla imza atıb.
Gənc hücumçu görüşün 19-cu dəqiqəsində isveçrəli müdafiəçi Kevin Mbabunun ötürməsindən sonra başla dəqiq zərbə endirərək hesabı açıb. Daha sonra Lorenzo İnsinyenin ötürməsini qola çevirən Mezzotero komandasına qələbə qazandırıb.
İtaliya mətbuatı Azərbaycan əsilli futbolçunun cərimə meydançasında düzgün mövqe seçməsini və yüksək hücumçu keyfiyyətlərini xüsusi vurğulayıb.
Mezzotero son üç qarşılaşmada dörd qol vurub. O, bundan əvvəl “Entella” və “Benevento” ilə görüşlərdə də fərqlənib.
Qeyd edək ki, “Sampdoriya” bir neçə gün əvvəl istedadlı futbolçu ilə müqavilənin müddətini 2030-cu ilədək uzadıb.
Atası italiyalı, anası azərbaycanlı olan 18 yaşlı futbolçu İtaliyanın Montsa şəhərində anadan olan hücumçu həm Azərbaycan, həm də İtaliya vətəndaşlığına malikdir. O, Azərbaycanın gənclərdən ibarət U-21 millisinin üzvüdür.
