“Seleksiya işlərimiz davam edir. Hazırda heyətdə iki-üç mövqeni gücləndirmək üçün fəaliyyət göstəririk”.
Bu sözləri “Şamaxı”nın baş məşqçisi Azər Bağırov deyib.
Təcrübəli mütəxəssis komandasının yeni mövsümə hazırlığından danışıb.
“Məqsədimiz təkcə bu boşluqları doldurmaq deyil, həm də yerli futbolçular üçün sağlam rəqabət mühiti formalaşdırmaqdır. İstəyirik ki, hər mövqedə rəqabət olsun. Hesab edirik ki, bu, komandanın ümumi səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərəcək.
Hazırda ehtiyac duyduğumuz mövqelərə dəvət etmək istədiyimiz futbolçularla danışıqlar son mərhələyə çatıb. Düşünürük ki, yaxın günlərdə bu transferləri də yekunlaşdıracağıq və heyəti tam formalaşdıracağıq.
Ötən mövsüm başa çatdıqdan sonra komandadan bir sıra futbolçular ayrıldı. Onların bir qisminin müqaviləsi başa çatmışdı, bəziləri isə aldıqları daha sərfəli təkliflərə görə karyeralarını başqa klublarda davam etdirməyə qərar verdilər. Biz isə yaranan boşluqları doldurmaq üçün bütün mövqelər üzrə axtarış apardıq, ehtiyaclarımızı müəyyənləşdirdik və komandaya fayda verəcəyinə inandığımız futbolçuları heyətə cəlb etdik”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Azər Bağırov ötən mövsümün sonunda “Kəpəz”dən ayrılaraq, “Şamaxı”nın “sükanı arxasına” keçib.
