Avropa Parlamentindən FIFA-ya çağırış: Rusiya Azərbaycanda keçiriləcək U-15 dünya çempionatına buraxılmasın

2 İyul 2026 11:46
90
Avropa Parlamentindən FIFA-ya çağırış: Rusiya Azərbaycanda keçiriləcək U-15 dünya çempionatına buraxılmasın

Avropa Parlamentinin deputatları FIFA prezidenti Canni İnfantinoya müraciət edərək Rusiyanın bu il Azərbaycanda keçiriləcək 15 yaşadək oğlan və qızlardan ibarət komandalar arasında ilk futbol üzrə dünya çempionatına (U-15) buraxılması barədə qərarın ləğv edilməsini istəyiblər.

İdman.Biz POLITICO-ya istinadən xəbər verir ki, 44 deputatın imzaladığı məktubda Rusiyanın, digər şərtlərlə yanaşı, Ukrayna ilə sülh danışıqlarına başlamayana qədər FIFA-nın himayəsi altında keçirilən yarışlara buraxılmaması tələb olunur.

“Biz FIFA-nı sülhün tərəfində olmağa və təcavüzkar Rusiyaya güzəştə getməməyə çağırırıq”, – deyə avropalı qanunvericilərin müraciətində bildirilir.

Xatırladaq ki, ötən həftə FIFA tarixdə ilk dəfə keçiriləcək U-15 oğlan və qızlar arasında dünya çempionatını rəsmən elan edib. Turnir oktyabr ayında Azərbaycanda təşkil olunacaq. Qurum yarışın FIFA-ya üzv olan bütün milli assosiasiyalar üçün açıq olacağını açıqlayıb ki, bu da Rusiya yığmasının da iştirakına imkan yaradır.

Məktub müəllifləri hesab edirlər ki, bu qərar bir sıra milli assosiasiyaların turniri boykot etməsinə səbəb ola bilər. Onların fikrincə, Rusiya komandasının yarışa buraxılması idman prinsiplərinə xələl gətirə və FIFA-nın təşkil etdiyi turnirin idman rəqabətinə mənfi təsir göstərə bilər.

Bundan əvvəl Ukrayna Futbol Assosiasiyası da Rusiya komandalarının iştirak etdiyi beynəlxalq yarışlarda çıxış etməyəcəyini açıqlamışdı.

İdman.Biz