Rusiyanın idman naziri Mixail Deqtyaryov Azərbaycanla idman sahəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin davamlı şəkildə inkişaf etdiyini bildirib.
İdman.Biz xəbər verir ki, o, Bakıda jurnalistlərə açıqlamasında iki ölkə arasında idman əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Deqtyaryov Bakıda keçirilən beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Rusiya nümayəndə heyətinin bu platformalarda fəal iştirak etdiyini söyləyib.
Rusiyalı nazir, həmçinin Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun UNESCO-nun Dopinqə qarşı Mübarizə üzrə Konvensiyasının Tərəflərin Konfransına sədrlik etməsini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Qayıbovun rəhbərliyi ilə təşkilatın fəaliyyətinə yeni dinamika gətirilib:
"Büronun gündəliyində farmakopeyanın inkişafı, yol xəritəsinin təsdiqi və dopinqə qarşı mübarizə ekosisteminin gücləndirilməsi kimi vacib məsələlər yer alır. Xüsusilə kiçik dövlətlərdə bu sahənin inkişafına diqqət artırılıb. Əvvəllər bu istiqamət prioritet deyildi. İndi isə qəbul olunan qərara əsasən, dopinqə qarşı mübarizə bütün ölkələr, o cümlədən kiçik və inkişaf etməkdə olan dövlətlər üçün əlçatan olmalıdır. UNESCO da bu prosesə lazımi dəstəyi verməlidir".
Deqtyaryov bildirib ki, dopinqə qarşı mübarizə layihələri qiymətləndirilərkən daha çox dəstəyə ehtiyacı olan ölkələrə üstünlük verilir:
"Müzakirələr zamanı Afrika, Okeaniya və Cənubi Amerikadan təqdim olunan layihələrə baxılıb. Hətta Böyük Britaniyanın müraciəti də olub. Lakin bu sorğu qəbul edilmədi. Çünki əsas məqsəd dopinqə qarşı mübarizə sistemi hələ tam formalaşmayan ölkələri dəstəkləməkdir. Bu səbəbdən Kiribati və Kiçik Ada Dövlətlərinin layihələri təsdiqlənib. Hazırda Keniya və Özbəkistanla bağlı sənədlər üzərində iş aparılır. Onlar növbəti iclasda – Hindistanda müzakirəyə çıxarılacaq".
Rusiyanın idman naziri sonda Azərbaycanın idman sahəsində qazandığı uğurları da xüsusi qeyd edib:
"Azərbaycanda idmanın inkişaf səviyyəsi çox yüksəkdir. Rusiya tərəfi yarışlarda, beynəlxalq konfranslarda, forumlarda və müxtəlif təşkilatlardakı səsvermələrdə hər zaman Azərbaycanı dəstəkləyir. Qarşılıqlı tərəfdaşlığımız getdikcə daha da möhkəmlənir. Bakı isə məndə çox xoş təəssürat yaradıb. Şəhər həm memarlığı, həm təmizliyi, həm də qonaqpərvər insanları ilə seçilir".
