“Azərbaycan futbolunun gələcəyi parlaqdır və düzgün akademiya sistemi qurulacağı təqdirdə yerli futbolçular Türkiyə və Avropa klublarında uğur qazana bilərlər”.
Bu sözləri Azərbaycanda fəaliyyət göstərən “Göztəpə” Bakı Futbol Məktəbinin qurucu məşqçisi Bilgin Akarçay deyib.
Azərbaycanda fəaliyyətlərini uğurla davam etdirdiklərini vurğulayan türkiyəli mütəxəssis bildirib ki, əsas məqsəd istedadlı uşaqları yetişdirmək və onları böyük futbola qazandırmaqdır.
“Bu layihə çərçivəsində Bakıda futbol məktəbimizi açmışıq və artıq dörd ildir fəaliyyət göstəririk. Azərbaycanda istedadlı uşaqların olduğunu həm bilirəm, həm də bunu öz gözlərimlə görürəm. Hazırda Bakıdakı futbol məktəbimizdən dörd oyunçu "Göztəpə" akademiyasının diqqət mərkəzindədir. Onların Türkiyəyə gedəcək səviyyədə keyfiyyətə malik olduqlarına inanıram. Bu futbolçular arasında 2017-ci il təvəllüdlü bir uşaq və 2016-cı il təvəllüdlü perspektivli qapıçı da var”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
O, yerli klublarla da sıx əməkdaşlıq etdiklərini söyləyib:
“Türkiyə səviyyəsinə tam hazır olmayan, lakin gələcək vəd edən uşaqların inkişafı üçün onları yerli komandalara icarəyə veririk. "Ulduz" və "Bakusport" klublarında icarədə çıxış edən oyunçularımız var. "Sabah" klubunun ilk qız futbolçusu da bizim məktəbin yetirməsidir. "Neftçi"yə də vaxtaşırı futbolçular yönləndiririk. Türkiyədə oynamaq hazırda bir qədər çətindir. Çünki arada infrastruktur və hazırlıq baxımından fərqlər mövcuddur. Biz bu problemlərin aradan qaldırılması üçün AFFA və müxtəlif məşqçilərlə mütəmadi görüşlər keçirir, təkliflərimizi səsləndiririk. Toral Bayramovun "Bursaspor"a transferi bu istiqamətdə mühüm yol açdı. Ürəkdən inanıram ki, yaxın gələcəkdə azərbaycanlı futbolçular Türkiyə futbolunda söz sahibi olacaqlar. Hətta bizim məktəbdən də ən azı üç-dörd futbolçunun orada çıxış edəcəyinə əminəm”.
B.Akarçayın sözlərinə görə, əgər Afrikanın ucqar bölgələrindən və ya Gürcüstandan dünya ulduzları çıxırsa, bu cür oyunçular Azərbaycanda da yetişməlidir:
“Gürcüstan futbolunun bugünkü inkişafı yaradılan şəraitin nəticəsidir. Azərbaycan da fərdi idman növlərində qazandığı uğurları komanda idman növlərinə, xüsusilə futbola daşımalıdır. Bunun üçün uşaqlara daha çox stadion, ləvazimat və keyfiyyətli məşq imkanları yaradılmalıdır. Valideynlər də artıq anlayırlar ki, müəyyən yaşdan sonra uşaq burada qalarsa, potensialı tam reallaşmaya bilər. Buna görə də imkanlı ailələr övladlarını Almaniya, İspaniya və Portuqaliya kimi ölkələrə aparırlar. Xüsusilə İspaniya ilə bu istiqamətdə əlaqələr daha genişdir. Bəzən soruşurlar ki, İlkay Gündoğan Almaniyada deyil, Türkiyədə yetişsəydi, eyni səviyyəyə çata bilərdimi? Məncə, bu, çox çətin olardı. O, Almaniya akademiyalarında qazandığı təcrübə və nizam-intizam sayəsində dünya futbolunun zirvəsinə yüksəldi. Türkiyədə isə Arda Gülər nümunəsi var. O, "Gənclərbirliyi" akademiyasından çıxıb, "Fənərbağça"da cəmi bir il oynadıqdan sonra "Real Madrid"ə transfer olundu. O, həqiqətən də xüsusi istedaddır. Təəssüf ki, Türkiyədə əhalinin çox olması səbəbindən bir çox istedadlar üzə çıxmadan itir. Bu baxımdan Azərbaycan daha əlverişli mövqedədir. Əhali az olduğu üçün istedadlı uşaqları müəyyənləşdirmək və inkişaf etdirmək daha asandır. Sadəcə, onların üzərində daha sistemli işləmək lazımdır”.
Məşqçi bu yaxınlarda AFFA-nın elit kateqoriyada seçimlər keçirdiyini və həmin prosesdə iştirak etdiklərini xatırladıb:
“Sevindirici haldır ki, futbol məktəbimizdən dörd oyunçu məşqçilər tərəfindən yüksək qiymətləndirildi. Hazırda U-14 milli komandası formalaşdırılır və bu addımlar gələcək üçün çox önəmlidir. Müasir futbolda yaş həddi getdikcə aşağı düşür, artıq 15 yaşlı futbolçular peşəkar müqavilələr imzalayırlar. İnanıram ki, sistemli iş davam etdirilərsə, Azərbaycan futbolunun gələcəyi çox parlaq olacaq. Bu istiqamətdə ümidimiz və inamımız tamdır".
Mütəxəssis Türkiyə millisinin dünya çempionatında göstərdiyi performansa da toxunub:
“Mundialda Avstraliya və Paraqvay ilə keçirdiyimiz ilk matçlardam sonra hamımızın içində müəyyən məyusluq var idi, çünki asan hesab etdiyimiz xalları qazana bilməmişdik. Əslində, komandamızdan gözləntilər böyük idi. Şəxsən mən futbolun içində olan bir mütəxəssis kimi düşünürdüm ki, yığmamız ən azı dörddəbir finala, bəlkə də yarımfinala qədər irəliləyə bilər. Qrup lideri olacağımızı gözlədiyimiz halda, son matçda böyük sevinc hissi ilə qələbə qazansaq da, təəssüf ki, ən münasib görünən qrupda sonuncu yeri tutduq. Futbol sürprizlərlə zəngin oyundur və heç nəyi əvvəlcədən yüz faiz proqnozlaşdırmaq olmur. Bununla belə, bizi bu mərhələyə gətirən də məhz bu kollektiv oldu. İndi isə qarşımızda UEFA Millətlər Liqası var. Orada İtaliya, Fransa və Belçika kimi güclü rəqiblərlə qarşılaşacağıq. Komandamız böyük kollektivlərə qarşı hər zaman daha uğurlu çıxış edir. Son oyunları təhlil etsək, görərik ki, Paraqvay və Avstraliya ilə matçlarda qapalı futbol oynayan rəqiblərə qarşı taktiki və texniki baxımdan istədiyimiz həlləri tapa bilmədik. Belə komandaların müdafiəsini yarmaq üçün xüsusi yanaşma tələb olunur. Bunun əksinə olaraq, ev sahibi ABŞ yığmasını 3:2 hesabı ilə məğlub etdik. Bu da göstərir ki, güclü rəqiblərə qarşı daha rahat oynaya bilirik. Futbol sürprizlər oyunudur və nəticədən asılı olmayaraq milli komandamızı dəstəkləmək hər birimizin borcudur. Ümid edirəm ki, növbəti turnirlərdə daha uğurlu nəticələr qazanacağıq”.
