Pavol Şafranko: “Bakı tıxacları üçün darıxmayacağam” - MÜSAHİBƏ + FOTO

23 İyun 2026 10:58
116
Pavol Şafranko: “Bakı tıxacları üçün darıxmayacağam” - MÜSAHİBƏ + FOTO

“Çox ciddi zədə almışam”.

“Bunu Sabah” futbol klubunun sabiq kapitanı Pavol Şafranko teleqraf.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Sabah”dan ayrılmağınızın səbəbi nə oldu?

– “Sabah”dakı hər bir insana sonsuz dərəcədə minnətdaram. Bu komandada kapitan kimi tarix yazmağın bir parçası oldum. Futbolda bəzən yolların ayrılması normal bir haldır, bu dəfə də belə oldu. Klub fərqli bir yolla davam etmək qərarına gəldi və mən də bu qərara hörmətlə yanaşdım.

– Klub sizə yeni müqavilə təklif etdi?

– Xeyr, mənə yeni müqavilə təklif olunmadı.

– Klubdan ayrılarkən hansısa bir inciklik qaldı?

– Klubun baş icraçı direktoru Ramin Nəsirov və prezidenti Maqsud Adıgözəlov ilk gündən mənə çox dəstək oldular. Sonuncu görüşdəki söhbətimiz də səmimi keçdi. Azərbaycandakı karyeramı qarşılıqlı hörmət mühitində başa vurdum. Birlikdə zamanla daha çox dəyərini anlayacağım möhtəşəm anlar paylaşmışıq. Heç bir inciklikdən söhbət gedə bilməz.

– Karyeranızı harada davam etdirəcəksiniz? Azərbaycan Premyer Liqasından təkliflər varmı?

– Çox ciddi zədə almışam. Hazırda əsas məqsədim meydana zədədən əvvəlki gücümlə, 100% hazır şəkildə qayıda biləcəyimdən əmin olmaqdır. Bu səbəbdən hazırda Madriddəyəm və bərpa prosesi keçirəm. Bəli, bəzi təkliflərim var, lakin indi əsas diqqətim sağlamlığımdadır.

– “Sabah”da 2 il çıxış etdiniz, kapitan sarğısını daşıdınız və komandanın Çempionlar Liqasına vəsiqə qazanmasında pay sahibi olsanız da turnirə yollanan heyətdə yer almayacaqsınız. Bunu necə qiymətləndirirsiniz, özünüzə qarşı ədalətsizlik hesab edirsinizmi?

– 2 ildə mən “Sabah”dan çox şey qazandım və hər şeyə görə minnətdaram. Çempionlar Liqasında oynamaq təbii ki, ən böyük arzumdur. Əgər bu, “Sabah”la alınmadısa, başqa bir komandada reallaşacaq. Hər şey Tanrının əlindədir.

– Ötən mövsümün böyük hissəsini zədəli keçirdiniz. Bunu uğursuzluq saymaq olarmı?

– Sağlam olduğum və oynaya bildiyim demək olar ki, bütün oyunlarda start heyətində meydana çıxmışam. Üstəlik, təsnifat mərhələsində komandam üçün 4 qol vurmuşam. Məhz bundan sonra çox ciddi bir zədə aldım və mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalmalı oldum. Mövsümün uğursuz tərəfi yalnız bu ağır zədə idi.

– "Sabah"da oynadığınız dönəmdə sırf bu kluba olan sevginizə görə imtina etdiyiniz yaxşı bir transfer təklifi olmuşdu?

– Mən "Sabah"da çox xoşbəxt idim. Elə bir dönəm idi ki, başqa klubların təkliflərinə baxmağa ehtiyac belə duymurdum. Hər hansı peşmanlığım yoxdur.

– "Sabah" karyeranızda sizin üçün ən xoşbəxt və ən kədərli oyun hansı oldu?

– Ən xoşbəxt anım şübhəsiz ki, 2025-ci il Azərbaycan Kubokunun final oyunu idi. Belə bir matçda komandanı meydana kapitan kimi çıxarmaq mənim üçün qürur idi və böyük məna kəsb edirdi. Klub tarixində ilk dəfə ölkə kubokunu qazandıq. Ən pis və kədərli oyun isə 2024-cü il Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"a qarşı keçirdiyimiz matç idi. Həmin oyunda epizodların birində Denis Marandiçin ayağının qırılmasına səbəb olmuşdum. Bu, mənim üçün çox ağır idi.

– İki il ərzində bir neçə baş məşqçi ilə işlədiniz. Hansı mütəxəssislə işləmək sizin üçün daha rahat və öyrədici oldu? Komandada ən yaxın dostunuz kim idi?

– Həyatda qarşına çıxan hər bir insandan nəsə öyrənə bilərsən. Xorvatiyalı mütəxəssis Krunoslav Renduliç mənə güvəndi və məni kluba gətirdi, onunla xarakterimiz eynidir, ona böyük hörmətim var. Rusiyalı Vasili Berezutski məni kapitan seçdi, həm məşqçi, həm də keçmiş oyunçu kimi onun təcrübəsi inanılmaz idi. Litvalı Valdas Dambrauskas isə həm psixoloji, həm də taktiki cəhətdən işlədiyim ən yaxşı məşqçilərdən biridir. Yəni hər birindən nəsə öyrəndim. Ən yaxın dostuma gəlincə, mütləq Bojan Letiçin adını çəkməliyəm. Möhtəşəm peşəkar və böyük ürəyə sahib bir insandır, onunla eyni komandada vaxt keçirmək xoş idi.

– Azərbaycanı və Bakını necə xatırlayacaqsınız? Burada yaşamağın ən çətin və ən asan tərəfləri nə idi? Mətbəximizi bəyəndinizmi?

– Mənim qızım Bakıda dünyaya gəlib, bura mənim üçün çox doğmadır. Klubdakı hər kəs mənə hər addımda kömək edirdi, ona görə də burada yaşamaq çox asan və rahat idi. Azərbaycan mətbəxini çox sevdim, xüsusilə kabablarınız üçün mütləq darıxacağam. Darıxmayacağım tək şey isə Bakıdakı tıxaclar və sürücülər olacaq (gülür).

– Gələcəkdə yollarınızın bu klubla yenidən kəsişə bilər?

– Həyatda hər şey mümkündür, heç nəyi istisna etmək olmaz. Lakin hazırkı planım evimə, ailəmə daha yaxın bir yerdə çıxış etməkdir.

– “Sabah” azarkeşlərinə xüsusi bir vida mesajınız varmı? Onların sizə olan sevgisini necə xatırlayacaqsınız?

– Azarkeşlərə mesajım odur ki, mən meydanda olduğum hər an bu gözəl klub üçün sonadək döyüşdüm, rəqibə bir santimetr belə boşluq vermədim. Onlar da mənim bu istəyimi, xarakterimi hiss etdilər və aramızda çox gözəl, qırılmaz bir bağ yarandı. Onları həmişə sevgiylə xatırlayacağam.

– “Sabah” Çempionlar Liqasında Uelsin TNS (The New Saints) klubu ilə qarşılaşacaq. Bu oyundan gözləntiniz nədir? Sizcə, komanda bu mərhələni keçib Avropada yeni bir tarix yaza bilər?

– Uşaqlar bu oyuna mütləq tam hazır olacaqlar. Komandanın bu uğuru qazanmaq üçün heç bir çatışmazlığı yoxdur. Sadəcə, hər bir komandaya beynəlxalq arenada təcrübə lazımdır. “Sabah” davamlı olaraq böyüyür və inkişaf edir. Klub hazırda tamamilə doğru yoldadır, sadəcə bu yolda inamla davam etmək lazımdır.

İdman.Biz