Elvin Məmmədov: “Uşaqlar ağ kağızdır, məşqçi onlara düzgün yol göstərməlidir”

10 İyun 2026 12:28
103
Elvin Məmmədov: “Uşaqlar ağ kağızdır, məşqçi onlara düzgün yol göstərməlidir”

“Uşaq futbolu yaralı yerimizdir, amma bunu düzəltmək çox asandır”.

Bu barədə “Neftçi”nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov deyib.

37 yaşlı mütəxəssis uşaq futbolu ilə bağlı problemlərdən söz açıb.

“Uşaq futbolu yaralı yerimidir. Amma bunu düzəltmək çox asandır. Bəzən qlobal düşünürük. Ən birinci biz məşqçilər özümüzü düzəltməliyik. Məşqçilərdə də problemlər var. Dediklərimi birmənalı qarşılamaya bilərlər. Bunun içində mən də varam. Problem məşqçilərdədir. Çünki uşaqlar ağ kağızdır. Sən ona hansı yönü göstərsən, onu da edəcək. Bizim yaralı yerimiz idi, uşaq vaxtı “topu qabağa vur” deyirdilər. Amma biz “ikinci mərtəbə”də oynamağı bacara bilmərik. Uşaqlara texnikanı aşılamaq lazımdır. Bunun üçün akademik olmaq lazım deyil”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.

E.Məmmədovun sözlərinə görə, uşaqların öyrədilməsində əsas rol məşqçilərindir:

“Ölkəmizdə aşağı yaş qruplarında valideyn təzyiqi də var. Məşqçilər də buna görə problemlərlə üzləşirlər. Məşqçilərə də doğru yol göstərilməlidir. Avropa təcrübəsi olsa, lap yaxşı olar. Orada gördüklərimizi gəlib ölkəmizdə tətbiq edərdik. Aşağı yaş qruplarının beynəlxalq turnirlərdə iştirakı da çox vacibdir. Hər bir klubumuz aşağı yaş qruplarını lazımi avadanlıqlarla təmin edir. Sadəcə, məşqçilər düzgün yönləndirməlidirlər. 9-13 yaş aralığında texnika artıq aşılanmalı, öyrədilməlidir. Onlar üçün prioritet çempionluq olmamalıdır. 9 yaşında çempion olsan, nə dəyişəcək? 15 yaşında ötürmə verə bilməyəndə, təzədən təməl prinsiplərə qayıdırsan. “Neftçi”nin aşağı yaş qruplarında yaxşı gənclər var. Baş məşqçisi olduğum U-17 komandasında 4-5 futbolçu var ki, onların perspektivini yüksək görürəm. Aşağı yaş qruplarındakı millilərə də dəvət alırlar. Həmin uşaqlar əsas komandaya namizəddirlər. Bizim əsas işimiz məhz bundan ibarət olmalıdır”.

Baş məşqçi “Neftçi”nin U-17 komandası ilə çempion olmaları barədə də danışıb:

“Futbolçu kimi çempion olmuşdum. Amma məşqçi kimi bu hissi yaşamamışdım. Bu, tam başqa hissdir. Gənc futbolçularla işləmək daha məsuliyyətlidir. Üstündən neçə həftə keçsə də, həmin hisslər qalır. İşin bəhrəsini görmək bizi sevindirir. Məşqçiliyə yeni başladığımı deyə bilərəm. Nələrisə öyrənməyə, təcrübəmi artırmağa çalışıram. Zaman keçdikcə daha çox inkişaf etmək istəyirəm. Mənə göstərilən etimada görə kluba təşəkkür edirəm. Öz təcrübəmi oyunçularla bölüşməyə çalışdım”.

İdman.Biz