“Qarabağ” klubunun oyunçuları Mateuş Koxalski və Abdullah Zubir UEFA Çempionlar Liqasının ən yaxşıları arasında yer alıblar.
İdman.Biz bu barədə kluba istinadən xəbər verir.
“Komandamızın futbolçuları UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünün ən yaxşıları sırasında yer alıblar. Mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, komandamızın qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı qolkiper yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.
Abdullah Zubir meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçimiz 2-ci yerə şərik olub”, - məlumatda deyilir.
“Qarabağ” 2025/26 mövsümündə Çempionlar Liqasında pley-offa qədər irəliləmiş, bu mərhələdə isə “Nyukasl Yunayted”ə məğlub olmuşdu (1:6, 2:3).
