“Quba”nın 24 qol vuran futbolçusu oyunundan narazı qalıb

2 İyun 2026 16:51
69
“Quba”nın 24 qol vuran futbolçusu oyunundan narazı qalıb

“Mövsümə 24 qol vurmağımı yaxşı nəticə saymıram”.

Bunu İkinci Liqadakı mübarizəni 51 xalla üçüncü pillədə başa vuran “Quba”nın hücumçusu Vidadi Cəfərov deyib.

Bombardirlər yarışında ikinci olan forvard əlavə edib.

“İkinci olmaq əlbəttə ki, mənim üçün qənaətbəxş deyil. Qarşıma yenə ən yaxşı bombardir olmaq məqsədi qoymuşdum. Aldığım qırmızı vərəqə səbəbindən üç oyun buraxmağım da qol sayına təsirsiz ötüşmədi. O oyunları buraxmasaydım, daha çox qol vura bilərdim”, - deyə Cəfərov fanat.az-a açıqlamasında söyləyib.

Vidadi “Quba”nın üçüncü yeri tutmasına da münasibət bildirib:

“Maraqlı mübarizə gedirdi. Mövcud şəraitə baxsaq, üçüncü yer “Quba” heç də pis nəticə deyil. Amma dediyim kimi, mən son mövsümdə öz performansımdan razı qalmadım. Daha artığını edə bilərdim. Yeni mövsümdə daha yüksək hədəflərə köklənməliyəm”.

Xatırladaq ki, Cəfərov 2024/2025 mövsümündə “Şəmkir”in heyətində 31 qolla İkinci Liqanın ən sərrast oyunçusu olmuşdu.

İdman.Biz