“Hesab edirəm ki, derbidə “Neftçi”nin adı, nüfuzu və əzəməti nəzərə alınarsa, tam fərqli bir oyunun şahidi olacağıq”.
Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Premyer Liqasında 21-ci turdan təxirə salınmış “Neftçi” - “Qarabağ” oyunu barədə danışarkən deyib.
O bildirib ki, ilk qarşılaşmanın nəticəsindən lazımi dərslər çıxarılmalı, komandalar tam fərqli yanaşma nümayiş etdirməlidirlər.
“Neftçi” öz azarkeşləri qarşısında nüfuzunu qoruyub saxlamaq üçün daha fərqli oyun nümayiş etdirməyə çalışacaq və inanıram ki, tam başqa bir “Neftçi” görəcəyik. Aprelin 26-da keçirilən görüşdə (5:1) “ağ-qaralar” ilk dəqiqədən çəkinmədən güclü “Qarabağ”a qarşı mübarizəyə başladı və heç də pis təsir bağışlamadı. Lakin çoxlu bəsit səhvlər sonda böyükhesablı məğlubiyyətə gətirib çıxardı”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.
AFFA rəsmisi, eyni zamanda, bu fikirlərin Ağdam klubunda arxayınlıq yarada biləcəyini də istisna etməyib:
“Qarabağ”da müəyyən arxayınlıq yarana bilər. Amma nəzərə almalıyıq ki, bu, çox önəmli matçdır. Bu qarşılaşmanı azarkeşlərdən tutmuş futbolçulara və klub əməkdaşlarına qədər hamı illərlə gözləyir ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Yəni bizi gərgin və maraqlı bir oyun gözləyir. Yenə də ilk oyunun nəticəsini nəzərə alaraq düşünürəm ki, tam fərqli mənzərənin şahidi olacağıq və nəticə də fərqli olacaq”.
V.Sadıqov vurğulayıb ki, paytaxt təmsilçisi avrokuboklara vəsiqə şanslarını hələ itirməyib:
“Neftçi” dərk etməlidir ki, bu gün məğlubiyyətə baxmayaraq, avrokuboklara vəsiqə qazanmaq, yəni Azərbaycanı təmsil etmək üçün hələ də şansları qalır. Lakin hər oyun keçdikcə bu şanslar azalır və onların nə dərəcədə artacağı sırf komandanın özündən asılıdır. Bunu anlayan komanda cavab oyununda meydana çıxaraq maksimum gücünü ortaya qoymalı və müsbət nəticə qazanmaq üçün mübarizə aparmalıdır”.
Qeyd edək ki, aprelin 30-da “Palms Sports Arena”da gerçəkləşəcək derbi qarşılaşması saat 20:00-da başlayacaq.
