"Neftçi" Misli Premyer Liqasının 29-cu turunda "Qarabağ"la keçiriləcək oyun öncəsi azarkeşlərə müraciət edib.
İdman.Biz xəbər verir ki, paytaxt klubu aprelin 26-da saat 19:00-da "Palms Sports Arena"da baş tutacaq qarşılaşmaya böyük marağı nəzərə alaraq təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.
Klubun açıqlamasında oyuna böyük marağı nəzərə alaraq, hər iki klub azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlər görüləcəyi qeyd olunub.
Bildirilib ki, "Qarabağ" azarkeşləri üçün "Qərb 2" sektoru ayrılacaq və biletlər oyun günü saat 12:00-dan etibarən xüsusi kassada satışa çıxarılacaq.
Həmçinin vurğulanıb ki, təhlükəsizlik məqsədilə "Neftçi" azarkeşləri üçün nəzərdə tutulan sektorlara "Qarabağ" atributları ilə daxil olmaq istəyən şəxslərə icazə verilməyəcək.
"Neftçi" rəhbərliyi azarkeşlərin bu tədbirləri anlayışla qarşılayacağına ümid etdiyini bildirib.
