“Xankəndi” Azərbaycan Birinci Liqasına vəsiqə qazandıqdan sonra ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər.
Bu barədə “Xankəndi” futbol klubunun meneceri Rəşad Babayev məlumat verib.
Hazırda İkinci Liqada çempionluğa əsas namizəd olan komandanın rəsmisi qeyd edib ki, stadionla bağlı gözləmə mövqeyindədirlər.
“Xankəndi şəhər stadionu əsaslı təmirdən sonra yerli klubların istifadəsinə veriləcək. Stadionun təmir prosesi uzanıb.”, - deyə o, futbolinfo.az-a açıqlamasında deyib.
Babayev əlavə edib: “Stadionun istifadəsi ilə bağlı razılaşma əldə etməliyik. Yalnız bundan sonra qəti şəkildə deyə bilərik ki, “Xankəndi” Birinci Liqada ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə biləcək. Amma bu barədə danışmaq hələ tezdir, çünki yenidənqurma işləri yekunlaşmayıb”.
O bildirib ki, əgər təmir-tikinti işləri yayda bitməsə, klub müvəqqəti stadion tapmalı olacaq.
