Mahir Emreli: “Ailəmdə baş verənlər mənə çox təsir etdi”

27 May 2026 20:35
154
Mahir Emreli: “Ailəmdə baş verənlər mənə çox təsir etdi”

"Fiziki çətinliyi bir kənara qoyuram, mental olaraq çətin idi. Hətta bir ara düşünürdüm ki, bu mövsüm tez bitsəydi, beynimə sakitçilik verərdim. Çünki buna ehtiyacım var idi. Milli oyunlarını da bitirdikdən sonra istəyirəm tam olaraq ora fokuslanım".

İdman.Biz xəbər verir ki, bu sözləri “Kayzerslautern”də oynayan Azərbaycan millisinin futbolçusu Mahir Emreli qafqazinfo.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- “Kayzerslautern”lə son durum nə yerdədir? Oyunlarda şans qazanmırdınız, daha doğrusu, baş məşqçinin sizə haqsızlıq etdiyini hətta Almaniya mətbuatı yazırdı. Nə baş verdi və son durum nədir?

- Hələ ki 2 illik rəsmi müqaviləm var. Builki durum heç bir halda məni qane etmədi. Xüsusilə də oyun dəqiqələri. Mənim üçün çox ağır mövsüm oldu. Bunu dəfələrlə bildirmişəm. Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi. Fiziki çətinliyi bir kənara qoyuram, mental olaraq çətin idi. Hətta bir ara düşünürdüm ki, bu mövsüm tez bitsəydi, beynimə sakitçilik verərdim. Çünki buna ehtiyacım var idi. Milli oyunlarını da bitirdikdən sonra istəyirəm tam olaraq ora fokuslanım. Yaxşı oyuna, yaxşı oyun dəqiqələrinə və qola çox ehtiyacım var. İndi buna köklənmək istəyirəm. Çünki mənim bu cür zamanlarda yeganə tutunacağım futboldur. Çalışıram ki, oradan özümə motivasiya və pozitiv güc alım.

- ⁠Hazırda təkliflər və ya danışıq apardığınız klublar varmı?

- Menecerlərimin görüşdüyü, danışdığı, təklifləri müzakirə etdiyi klublar var. Amma mənim hazırda dediyim kimi, danışdığım rəsmi bir şey yoxdur. Çünki mən “Kayzerslautern”in futbolçusuyam və bu, etik olmaz. Amma təbii ki, hər transfer dönəmində olduğu kimi, maraq olur. Milli toplanışından sonra bu məsələləri oturub müzakirə edəcəyik.

- ⁠Adınız sabiq klubunuz “Legiya” və “Nürnberq”lə hallanır, nə dərəcədə doğrudur? Əslində, hər iki klubda yaxşı iz qoymusunuz və mümkündür ki, ora keçəsiniz və ya sizi yenidən istəsinlər?

- İki klubda da çox qəşəng zaman keçirmişəm. “Legiya”dan ayrıldıqdan sonra da hər zaman pozitiv mesajlar alıram. Nə vaxt Polşaya getsəm də, yaxşı reaksiyalar alıram. Hətta millinin heyətində Ukrayna ilə görüş üçün Polşaya getmişdim, Varşavadan Krakova 10-15 azarkeş gəlmişdi, sırf mənimlə foto çəkdirmək üçün. Bu da məni həqiqətən sevindirən məqamlardan biri idi. “Legiya”da çox gözəl zaman keçirmişəm. Həm futbol baxımından, həm də mental baxımından. “Nürnberq”ə gəldikdə, heç bilmirdim ki, “Nürnberq”də bu qədər azərbaycanlı yaşayır. Bu gün də bəzən onlar deyirlər ki, tanışlar, bildiyimiz insanlar oyunlara gedir, azərbaycanlılar orada olanda “Emreli deyib, sehrbaz” sözünü işlədirlər. Bu məni çox sevindirir. Bu cür böyük klublarda elə yadda qalmaq qürurvericidir, Azərbaycandan çıxmış futbolçu olaraq özü də. Belə şeyləri görəndə insan həvəslənir və daha artığını etmək istəyir. Amma təbii ki, rəsmi olaraq danışığım yoxdur.

- ⁠Azərbaycandan və ya Qarabağdan təklif gəlsə, necə dəyərləndirərsiniz?

- Hazırda təklif yoxdur. Azərbaycandan, “Qarabağ”da təklif olarsa, oturub düşünmək lazımdır. Mən hələ “Kayzerslautern”dəki durumumu bilmirəm. Ona görə oturub qərar vermək lazımdır. “Qarabağ” hər zaman mənim evimdir. Hər nəyə nail olmuşamsa, bu, “Qarabağ” və Qurban Qurbanovun mənə göstərdiyi etimad, inamın sayəsində olub. Onların üzərimdə zəhməti çox olub.

- ⁠Milli toplanışda durum necədir? Təlim-məşq toplanışından nə gözləyirsiniz?

- Bir neçə futbolçu fərdi məşqlər edirik. Digər futbolçular isə 28-də toplanırıq. Bu istiqamətdə başlayacağıq məşqlərə. Son toplanışda olmamışam, amma düşünürəm ki, ab-hava pozitivdir. Uşaqlar qələbənin dadını alıblar. O hissi, o inamı əldən vermək istəmirlər. Düşünürəm ki, bu toplanışda da hər kəs yüz faizini verəcək. Çünki bundan sonra artıq Millətlər Liqası oyunlarıdır. Bu matçlarda özümüzü maksimum göstərməliyik.

- ⁠San Marino və Malta matçları komandaya nə qatacaq?

- San Marinonu analiz etməmişəm. Çoxdandır görməmişəm. Maltanın 1-2 dəfə oyunlarını görmüşəm. Kifayət qədər yaxşı, kompakt komandadır. İnkişaf edən futbolları var hazırda. İki oyun da bizə fərqli mənada çox şey qatacaq. Amma ən önəmli olan biz özümüzə köklənməliyik. Çünki bunlar yoldaşlıq görüşləridir. Əsas köklənəcəyimiz məqam Litva və Lixtenşteyn oyunlarıdır. Ona görə də o matçları baş məşqçimiz dəyərləndirəcək. Nələrə diqqət edəcəyik, nələr önəmlidir, bunu Ayxan Abbasov daha yaxşı bilir və düşünürəm ki, bizdən tələbləri olacaq. Biz də bu tələblər üzərindən oyunlara hazırlaşacağıq. Ümid edirəm ki, Millətlər Liqasına qədər həm qələbə olacaq, həm də müəyyən mənada sistem qura biləcəyik.

İdman.Biz
Məqalədə: