İspaniyanın “Rayo Valyekano” futbol komandası Konfrans Liqasının finalında tarix yazmağa hazırlaşır.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi bu gün həlledici oyunda İngiltərənin “Kristal Palas” futbol komandası ilə qarşılaşacaq. Görüş Leypsiqdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Rayo Valyekano”nun bu səviyyəyə yüksəlməsi xüsusi diqqət çəkir. Klub La Liqanın ən aşağı büdcələrindən birinə sahibdir və İspaniya çempionatının ən kiçik stadionlarından birində çıxış edir. “Estadio de Valyekas” cəmi 14 mindən bir qədər çox azarkeş tutur.
Madrid klubunun rekord transferi 11 milyon avro (22 milyon AZN) dəyərindədir. “Rayo Valyekano”da bilet satışı da müasir Avropa klublarından fərqli aparılır - azarkeşlər biletləri onlayn deyil, stadion kassalarından alırlar. Bu isə kassaların qarşısında uzun növbələrin yaranmasına səbəb olur. Klub mağazası isə anbar otağı ölçüsündədir.
Klubun şəraiti də uzun müddətdir müzakirə mövzusudur. Komandanın stadionu və məşq bazası ilə bağlı ciddi problemlər yaşanıb, hətta meydanın durumu bir neçə dəfə istifadəyə yararsız hesab edilib. Mövsümdən əvvəl baza üç ay müddətinə bağlanıb. Köhnəlmiş stadion siçovullarla doludur, tez-tez su kəsintiləri olur və kifayət qədər elektrik enerjisi yoxdur. Hətta bir dəfə VAR sistemi bu səbəbdən işləməyib.
“The Guardian” bu mövsüm “Rayo Valyekano”nun məşq bazası və ev stadionu ilə bağlı problemlərə görə başqa meydanlarda hazırlaşmağa məcbur qaldığını yazıb.
Bütün çətinliklərə baxmayaraq, “Rayo Valyekano” ilk dəfə olaraq avrokuboklara çıxıb və finala yüksəlib. İspaniya təmsilçisi bu yolda xarakteri, məhdud imkanları və azarkeş bağlılığı ilə diqqət mərkəzinə düşüb.
Komandanın hücumçusu Serxio Kamelyo “Rayo Valyekano”nu “başqa dövrdən qalan son komanda” adlandırıb. Onun fikrincə, bu klubun sadəliyi, köhnə futbol mühiti və azarkeşlərlə bağlılığı xüsusi cazibə yaradır.
Finalda “Rayo Valyekano”nun rəqibi olan “Kristal Palas” bu mövsüm transferlərə Madrid klubundan təxminən 21 dəfə çox vəsait xərcləyib. Buna baxmayaraq, “Rayo Valyekano” az büdcə və böyük xarakterlə Avropa tituluna bir addım məsafədədir.
