Azərbaycanın “Neftçi” futbol komandasından ayrılan Vensan Abubakarın karyerasını yenidən Türkiyədə davam etdirmək ehtimalı yaranıb.
İdman.Biz xəbər verir ki, kamerunlu hücumçu Türkiyənin “Bursaspor” futbol klubunun maraq dairəsinə düşüb. “Africafoot”un məlumatına görə, Türkiyə Birinci Liqasına vəsiqə qazanan Bursa təmsilçisi hücum xəttini gücləndirmək üçün təcrübəli forvardın vəziyyətini yaxından izləyir.
Qeyd edək ki, “Neftçi” 34 yaşlı futbolçu ilə başa çatan müqaviləni yeniləməyib. Bakı klubu Vensan Abubakarla yanaşı, Edvin Kuç və Kristian Kostinlə də əməkdaşlığa son qoyub.
“Bursaspor” bu yaxınlarda “Qarabağ”dan Toral Bayramovu da transfer edib.
Abubakar Türkiyə futboluna yad sima deyil. Kamerun millisinin sabiq hücumçusu daha əvvəl bu ölkədə “Beşiktaş” və “Hatayspor”un formasını geyinib. Onun azad agent statusunda olması “Bursaspor” üçün keçidi daha əlçatan edə bilər.
