Əliyar Ağayev kubok oyunundakı qərarlarına görə cəzalandırıldı

7 Aprel 2026 01:43
215
Əliyar Ağayev kubok oyunundakı qərarlarına görə cəzalandırıldı

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçında qəbul etdiyi mübahisəli qərarlarla gündəmə gələn hakim Əliyar Ağayev və VAR hakimi Cavid Cəlilov cəzalandırılıb.

İdman.Biz bildirir ki, bu barədə “Qafqazinfo”ya AFFA-dan məlumat verilib.

Məlumata görə, hər iki hakimin adı dünən keçirilən “Qarabağ” - “Karvan-Yevlax” və bugünkü “İmişli” - “Turan Tovuz” matçlarından çıxarılıb.

Daha əvvəl Əliyar Ağayev “Qarabağ” - “Karvan-Yevlax” oyununa AVAR hakimi, Cavid Cəlilov isə “İmişli” – “Turan Tovuz” matçına baş hakim təyin edilmişdi. Lakin onları müvafiq olaraq Tural Qurbanov və Rəvan Həmzəzadə əvəz ediblər.

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov tovuzluların narazı qaldığı və baş hakim Əliyar Ağayevin penalti təyin etmədiyi epizodlarda referinin qərarlarını yanlış adlandırmış, onun səhv qərar verdiyini təsdiqləmişdi.

Xatırladaq ki, “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev məsələyə dair sərt açıqlama verərək futbolçuların haqqını hakim Əliyar Ağayevə halal etmədiyini bildirib.

Qeyd edək ki, Əliyar Ağayev FİFA referisidir və mütəmadi olaraq avrokubok oyunlarına təyinat alır.

İdman.Biz