Azərbaycan Premyer Liqasına yüksəlməyə əsas namizəd olan “Şəfa” Elgiz Kərəmli ilə bağlı qərarını verib.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Birinci Liqanın çempionu olaraq elitaya yüksələcəyi təqdirdə mütəxəssislə əməkdaşlığı davam etdirəcək.
Bu barədə açıqlamasında baş məşqçi özü məlumat verib. E.Kərəmli mövsümün sonunda yolların ayrılacağına dair iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
“Premyer Liqaya yüksələcəyimiz təqdirdə müqaviləm avtomatik olaraq uzadılır. Hələ klub ikinci liqada olarkən komandaya gələndə razılaşmamız bu cür olub. Klub rəhbərliyi də mediada belə xəbərlər çıxanda mənə bildirir ki, bunlara fikir verməyim. Aramızda razılaşma var və məqsədimiz birlikdə davam etməkdir. Xüsusilə klub prezidenti Kənan müəllim (Kənan Sadıqlı – red.) bunu hər zaman vurğulayır”.
Qeyd edək ki, yayılan iddialara görə, “Şəfa” Premyer Liqaya yüksəldikdən sonra Aftandil Hacıyevi baş məşqçi postuna təyin edə bilər.
