“Mənim üçün “Neftçi”də unudulmaz oyun Moskvadakı “Pünik”lə qarşılaşmadır”.
Bunu Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti və “Neftçi”nin keçmiş vitse-prezidenti Ramin Musayev deyib.
O, bu gün yaradılmasından 89 il keçən “Neftçi” ilə bağlı xatirələrini bölüşüb.
“Neftçi” Azərbaycan futbolunun tarixidir. Düzdür, indi flaqman bir az büdrəyir, amma yəqin ki, qarşıdakı illərdə “ağ-qaralar” yenidən zirvələrdə olacaq. Gələn il 90 illik yubileydir. Komandanın azarkeşlərə çempionluq hədiyyə etməsi çətin görünsə də, yerinə yetirilməsi mümkün olan missiyadır. Klubda çalışan reklam üçün yox, keyfiyyətə görə işləməlidir. 2004-2008 mövsümündə “Neftçi”də işləyirdik. İşçi qüvvəmiz cəmi 6-7 nəfər idi. Bura mətbuat katibi də daxildir. Bu gün isə klubda çalışanların sayı 40-dan çoxdur. Klubda çalışan komandanı sevməlidir, ümid edirəm onlar da “Neftçi”ni sevir. Sırf maaşa, pula görə işləyənlər heç vaxt komandaya xeyir verə bilməz”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, Ramin Musayev “Neftçi”də 2004 - 2008-ci illərdə vitse-prezident vəzifəsində çalışıb. Daha sonra o, 2022-ci ilədək PFL-in prezidenti olub.
