Anatoli Banişevskinin xatirəsinə həsr olunan “Bakı Kuboku” beynəlxalq turniri keçiriləcək

17 Mart 2026 22:39
91
Anatoli Banişevskinin xatirəsinə həsr olunan “Bakı Kuboku” beynəlxalq turniri keçiriləcək

“Neftçi” və Rusiyanın “Dinamo” (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəvi hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş “Bakı Kuboku” beynəlxalq turniri keçiriləcək.

İdman.Biz klubun mətbuat xidmətinə xəbər verir ki, 2015-ci il və daha kiçik təvəllüdlü futbolçular arasında təşkil olunacaq turnir martın 19-dan 21-dək “Palms Sports” Futbol Mərkəzində baş tutacaq.

“Neftçi” B qrupunda “Dinamo” (Voronej, Rusiya), “Göztəpə” (Türkiyə) və “Qarabağla mübarizə aparacaq. A qrupunda isə “Dinamo” (Moskva), “Beşiktaş” (Türkiyə), “Kayrat” (Qazaxıstan) və “Ulduz” komandaları yer alıblar.

“Neftçi” martın 19-da “Dinamo” (Voronej) və “Qarabağ”, martın 20-də isə “Göztəpə” ilə qarşılaşacaq.

Reqlamentə uyğun olaraq, martın 20-də A qrupunun qalibi B qrupunun ikincisi ilə, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə üz-üzə gələcək. Qruplarda 3-cü və 4-cü yeri tutan komandalar da eyni prinsip əsasında oyunlar keçirəcəklər.

Turnirin son günü – martın 21-də 7-ci, 5-ci və 3-cü yerlər uğrunda oyunlar, eləcə də final görüşü keçiriləcək. Həlledici matçdan sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

İdman.Biz