Bu gün “Qarabağ”ın futbolçusu Joni Montiel əməliyyat olunacaq.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bu barədə İdman.Biz-ə açıqlamasında deyib.
Misli Premyer Liqasının 21-ci turundan “Neftçi” ilə təxirə salınmış qarşılaşmanın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun sərt müdaxiləsi nəticəsində zədələnən ispan yarımmüdafiəçi dərhal xəstəxanaya çatdırılıb. Hacıyevin sözlərinə görə, müayinələr zamanı Montielin barmağının sındığı müəyyənləşib.
Mətbuat xidmətinin rəhbəri zədənin ciddi olduğunu vurğulayıb:
"Montiel bu gün əməliyyat olunacaq. Onun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu səbəbdən futbolçu üçün cari mövsümün artıq başa çatdığını demək olar".
Qeyd edək ki, “Neftçi” - “Qarabağ” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
